Apple təəssüf ki, WWDC 17-də nümayiş etdirdiyi iOS 11-in bütün özəllikləri haqqında məlumat verməmişdi. Developerlərə təqdim olunan iOS 11 Beta 1 ilə hər gün yeni-yeni iOS 11 özəlliyi kəşf edilir. Bu gün isə 16 GB iPhone sahiblərini sevindirəcək bir iOS 11 özəlliyi məlum olub.
iOS 11 ilə Tənzimləmələr menyusundakı iTunes və App Store bölməsinə yeni bir seçim əlavə olunur. "İstifadə edilməyən tətbiqləri boşalt" adı verilən bu özəllik istifadə olunmayan tətbiqləri avtomatik olaraq silir. Ancaq bu proses keş yaddaşın silinməsi prosesi ilə qarışdırılmamalıdır. Yeni gələn özəlliklə tətbiqin yalnızca özü silinir və tətbiq daxilindəki məlumatlarınız hələ də yaddaşda saxlanılır.
Məsələn Twitter tətbiqinin həcmi 214 MB-dır və tətbiqi istifadə etdikcə bu həcm daha da artır. "İstifadə edilməyən tətbiqləri boşalt" özəlliyi ilə əgər Twitter tətbiqini istifadə etmirsinizsə tətbiqin özünün tutduğu 214 MB-lıq hissə yaddaşdan silinir və sadəcə Twitter məlumatlarınız iPhone-da saxlanılır.
Silmə prosesindən sonra həmin tətbiqi istədiyiniz vaxt App Store-dan yükləyib yenidən istifadə edə bilərsiniz. Bildiyiniz kimi keş yaddaşın təmizlənməsi prosesini iOS özü avtomatik olaraq edir. Daxili yaddaş tam dolduqda aktivləşən keş yaddaşın silinməsi özəlliyi kaş ki, manual olaraq idarə oluna bilinsəydi.
Ancaq iOS 11-in API-larında App Store Cleanup yer alır. Bu təmizləmə prosesinin hələki necə işlədiyi məlum deyil. Yəqin ki, hər tətbiq üçün keş yaddaşı silmək özəlliyi iOS 11-in final versiyasında təqdim olunacaq. Bunu isə yalnızca gözləyib görəcəyik.