Dünyanın ən böyük çipset istehsalçılarından olan İntel-in Baş İcraçı Direktoru (CEO) Brian Krzanich-in istefa verdiyi bildirilir. ABŞ mediyasında çıxan xəbərlərə əsasən, Krzanich bir İntel işçisi ilə münasibətinin olduğu səbəbilə istefaya vadar edilib.
İntel-dən verilən açıqlamada İdarə Heyətinin də sədri olan 58 yaşlı Krzanich-in keçmişdə bir İntel işçisi ilə münasibəti olduğu bildirilib.
Qarşılıqlı razılıq olsa da şirkətin siyasətinə ziddir
Açıqlamaya əsasən, bəhs edilən münasibətin qarşılıqlı razılığa əsaslanmasına baxmayaraq, İntel-in siyasətinə görə, idarəçilərin işçilərilə özəl həyatlarında münasibətə girməsi şirkətin davranış qaydalarına ziddir.
Müvəqqəti CEO Robert Swan oldu
Krzanich-in istifasından sonra İntel-in Maliyyə Direktoru (CFO) Robert Swan müvəqqəti CEO vəzifəsinə keçib.
Brian Krzanich kimdir?
1982-ci ildə İntel-də mühəndis olaraq işləməyə başlayan Krzanich 2013-cü ildə CEO-luq vəzifəsinə gətirilib.
Baş verənlərdən sonra səhmlərini ötən gün 53.46 dollardan bağlayan İntel bu gün 52.26 dollara qədər geriləyərək 2.2% eniş əldə edib.