Xiaomi-nin yeni bayraqdar smartfonu Mi Mix 2S modeli Şanxayda təşkil olunan tədbirdə rəsmi olaraq təqdim edilib. Bu yeni böyük ekranlı smartfon Apple-ın iPhone X smartfonuna rəqib görülür. Belə ki, şirkət təqdimat tədbirində bir neçə dəfə yeni smartfonunu Apple-ın onuncu ildönümü münasibəti ilə istehsal etdiyi iPhone X ilə müqayisə edib. Əlavə olaraq Xiaomi rəsmiləri Mi Mix 2s-in daha yaxşı şəkillər çəkəcəyini, tək bir şarj ilə daha uzun batareya ömrü tədqim etdiyini və oyun həvəskarlarına iPhone X-dən daha yaxşı oyun həzzi yaşadacağını qeyd ediblər.
Gözlənildiyi kimi Mi Mix 2S, Series 7000 aliminium çərçivəli keramika gövdə ilə təchiz olunub. Keramika model qara və ağ rəng seçimləri ilə gələcək. Snapdragon 845 çipseti ilə gücləndirilən smartfon, AnTuTu benchmark testində 277178 xal toplamağı bacarıb.
Xiaomi, tədbirdə ekran haqqında çox danışmasa da, ekranın 1080x2160 keyfiyyəli 5,99 düymlük AMOLED sərhədsiz ekran olduğu deyilir. Bu ekranın boy və en nisbəti təxmin etdiyiniz kimi 18:9-dur. Cihazda "çıxıntı" yoxdur və bu da ön hissədəki kameranın yenə də aşağı çərçivədə yerləşdirildiyini aydın şəkildə göstərir.
Mi Mix 2S-in arxasındakı qoşa kameralar 12MP keyfiyyətli sensorlara sahibdirlər. Bu kameralardan biri geniş bucaqlı, digəri isə telefoto kameradır. Arxa kameralar OIS dəstəklidir və AI köməyi ilə işığa görə tənzimlənir.
AI özəlliyi portret çəkilişlərdə smartfonun bokeh effekti təqdim etməyinə xüsusi kömək edir. Əlavə olaraq bu özəllik valyutaları və mətnləri analiz edərək qısa bir müddətdə valyuta çevirmələri də edə bilir. Sonda onu da qeyd edək ki, bu özəlliyin köməyi ilə kamera "slow motion" və "super slow motion" çəkilişlərdə də portret rejimi imkanını təqdim edir.
Mi Mix 2S Google-ın ARCore-unu dəstəkləyir və Google Assistant-ın yerinə keçməsə də, Xiao AI adlı öz virtual köməkçisi ilə gəlir. Əlavə olaraq smartfonun Qi naqilsiz şarj platformasını da dəstəklədiyini nəzərinizə çatdıraq.
Mi Mix 2S 3 versiyada satışa çıxacaq ki, onlar müvafiq olaraq aşağıdakı kimi sıralanıb:
- 1. 6GB RAM və 64GB daxili yaddaş - 527 dollar.
- 2. 6GB RAM və 128GB daxili yaddaş - 575 dollar.
- 3. 8GB RAM və 256GB daxili yaddaş (King versiya) - 639 dollar.
Mi Mix 2S-in ən bahalı King versiyası naqilsiz şarj cihazı ilə birlikdə gəlir. Çində ön sifarişə təqdim olunan Mi Mix 2S smartfonu beynəlxalq 4G LTE şəbəkəsini dəstəkləyəcək. Sonda isə qeyd edək ki, smartfon 3 aprel tarixində satışa çıxacaq.
Aşağıda Xiaomi Mi Mix 2S-in təqdimatını izləyə bilərsiniz.