Samsung-un maraqla gözlənilən flaqman modeli Galaxy S9 Barselonada təşkil olunan Galaxy Unpacked tədbirində təqdim olundu. Özəllikləri ilə diqqət çəkən Galaxy S9, Android həvəskarlarının bütün əsas istəklərini qarşılaya biləcək gücdədir. Bəs, Galaxy S9-un özəllikləri nələrdir?
Galaxy S9 özəllikləri:
Samsung Galaxy S9 smartfonu gücünü 2-ci nəsil 10nm istehsal prosesi ilə hazırlanan 2,9GHz sürət ilə işləyən Exynos 9 Octa 9810 çipsetindən alır. Bəzi regionlarda isə cihazın "qəlbində" Qualcomm-un 2,8GHz sürət ilə işləyən Snapdragon 845 çipseti yer alacaq. Exynos 9 Octa 9810 ilə Snapdragon 845 arasında böyük bir fərqin olmadığını, hər iki prosessorun da az enerji sərf etməsini və bir əvvəlki nəsilə görə 20%-ə çatan performans yüksəlməsini də nəzərinizə çatdıraq. Exynos prosessorlu Galaxy S9-un qrafik əməliyyatçısı Mali-G72 MP18 olarkən, Snapdragon-lu modellərdə bu Adreno 630-dur. Hər iki çipsetdəki modemlər 5G-ni dəstəkləyir. LTE Cat 18 ilə 1,2 Gbps sürətli yükləmələr və 200 Mbps sürətli göndərmələr Galaxy S9 sahiblərinə təqdim olunur.
Galaxy S9-da Android üçün olduqca ideal olan 4GB RAM-a yer verilib. LPDDR4x texnologiyasına keçid edən Samsung şirkəti, RAM performansını təxminən 2 dəfə artırıb. Smartfonun daxili yaddaşı ilə isə danışılacaq çox söz yoxdur. 64GB və 128GB daxili yaddaş seçimlərini microSD kart ilə artıra bilərsiniz.
Galaxy S9 smartfonu 5,8 düymlük, ekran/gövdə nisbəti 84,2% olan ekran ilə gəlir. Cızılmalara qarşı Coming Gorilla Glass 5 ilə müdafiə olunan bu Super AMOLED ekran 1440x2960 keyfiyyətlidir.
Galaxy S9 mükəmməl özəllikləri təqdim edir.
3000 mAh həcmli batareyadan "bəslənən" Galaxy S9, kamera mövzusunda çox yaxşı özəlliklər təqdim edir! Galaxy S9-da 12MP keyfiyyətli arxa kamera yerləşdirilib. Bu kameranın diofraqma açıqlığı isə f/1,5 dəyərindədir. Xüsusilə az işıqlı çəkilişlərdə rəqibləri ilə böyük fərq yarada biləcək bu kamera Dual Pixel PDAF ilə dəstəklənir. Smartfonun arxa kamerası 4K keyfiyyətində 60 FPS sürətli videolar çəkə bilir.
Galaxy S9-un ön hissəsində isə f/1,6 dəyərli 8MP kamera yerləşdirilib. Smartfonun 10-bit HEVC (H.265) formatını da dəstəklədiyini də nəzərinizə çatdıraq.
AR Emoji texnologiyası:
AR Emoji, qəbul etdiyi məlumatlara əsaslanan xüsusi bir alqoritmdən istifadə edir. Bu alqoritm istifadəçinin 2 ölçülü görüntüsünü analiz edərək və 100-dən çox üz ifadəsi ilə qarşılaşdıraraq göz qırpması, başla hərəkət kimi ifadələri təqlid edən 3 ölçülü bir model yaradır. Daha aydın desək, AR Emoji real həyatdakı duyğuları istənilən tətbiqdə paylaşılacaq formatda emojilərə çevirir.
Digər özəlliklər:
Stereo səsucaldıcı ilə gələn Galaxy S9 smartfonu Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 5.0 və USB Type-C kimi özəlliklərə sahibdir. Sonda qeyd edək ki, Samsung-un yeni təqdim etdiyi Galaxy S9 smartfonu qutusundan Android 8.0 Oreo əməliyyat sistemi ilə çıxacaq.