Samsung son zamanlarda üstün səviyyəli mobil cihazlarda istifade etdiyi UFS yaddaş texnologiyasını bu dəfə yaddaş kartlarına tətbiq edir. Cənubi Koreya istehsalçısı olan Samsung UFS yaddaş texnologiyasına sahib ilk yaddaş kartlarından danışdı.
İlk olaraq Galaxy S6 və Galaxy S6 edge smartfonlarında Universal Flash Storage (UFS) texnologiyasına sahib daxili yaddaşdan istifadə edən Samsung yeni nəsil yaddaş texnologiyasını bu dəfə yaddaş kartlarında istifadə etməyə başlayır. Texnologiya nəhəngi Samsung dünyanın UFS standartına sahib ilk yaddaş kartlarını təqdim edir.
32GB, 64GB, 128GB və 256GB şəklində tanıdılacaq UFS əsaslı yaddaş kartları eyni zamanda dünyanın ən sürətlisi olmağı bacarır. Standart microSD kartlarda oxuma/yazma sürəti 95 MB/s ilə ölçülərkən Samsung-un UFS texnologiyasına sahib yeni kartları isə 530MB/san oxuma və 170MB/s yazma sürətinə malikdir.
3D istehsallı və yüksək keyfiyyətli filmlər üçün təqdim olunmağa hazırlaşan yaddaş kartları ilk baxışda standart kartlardan fərqsiz görünür. Ancaq, yeni yaddaş kartın arxa tərəfinə baxdığımızda konnektorların fərqli şəkildə yerləşdirildiyini görürük. Bu da UFS əsaslı kartların mövcud yaddaş kartı girişi ilə uyğunlaşmayacağı deməkdir.
Hal-hazırda bazarda UFS yaddaş kartlarını dəstəkləyən hərhansı bir cihaz yoxdur, ancaq yeni yaddaş texnologiyasının bir neçə il ərzində standart olaraq qəbul ediləcəyi gözlənilir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .