HTC U11 Apple-ın 2016-ci ilin payızında satışa çıxardığı iPhone 7 Plus-ı AnTuTu-nun aylıq performans nəticələrində geridə qoyaraq siyahıda 1-ci olub. Antutu-nun açıqladığı rəsmi məlumatda may ayının lideri kimi HTC U11-in adı qeyd olunub.
Hər ay yayımlanan ayın performans nəticələri bu dəfə öncəkilərdən biraz fərqli olub. Belə ki, iPhone 7 Plus satışa çıxdığı zamandan bəri ilk dəfə liderliyini itirib. 180079 xal toplayan HTC U11 iPhone 7 Plus-ın 174 minlik nəticəsini olduqca geridə qoyub. Sonrakı yerlərdə isə Xiaomi Mi 6 və Samsung Galaxy S8 modelləri qərarlaşıb.
Aprel ayında Galaxy S8, Galaxy S8+ və Mi 6-nın iPhone 7-ni geridə qoymasından sonra, indi də iPhone 7 Plus-ın liderliyi itirməsi artıq bu cihazların "yaşlandığını" göstərir. Smartfonlar üçün təbii olan bu vəziyyətə əsasən yeniləmələrdən sonra cihazın performansının aşağı düşməsi səbəb olur.
Artıq iOS və Android cihazlar arasındakı performans fərqi demək olar ki, qalmayıb və bu rəqabətə görə hər ötən daha da yüksək performanslı cihazlarla qarşılaşırıq. Bu qədər yüksək performana ehtiyac isə artıq cihazlardan istifadə vərdişlərimizin dəyişməsindən qaynaqlanır.