Sosial media nəhəngi Facebook 70 Facebook, 65 İnstagram hesabını və Kreml dəstəkli kiber məzmunlar yaradan İnternet Araşdırma Agentliyi ilə əlaqəli olan 138 Facebook səhifəsini sildi.
Rusiyanın Facebook reklamları vasitəsilə 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə etdiyinin meydana çıxması ilə dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook rus İnternet Araşdırma Agentliyinin (İRA) 270-dən çox səhifəsini bloklayıb
Facebook məlumatlarına əsasən silinən səhifə və hesabların 1 yanvar 2015-ci ildən bu yana yayımladığı reklamlara çəkilən xərclərin cəmi 167 min dollardır.
Facebook-un sahibi Mark Zuckerberg mövzu ilə əlaqədar “Bu səhifələr və hesablar Rusiyaya və Azərbaycan, Özbəkistan, Ukrayna kimi qonşu ölkələrdə rusca danışan insanlara yönəlmişdi” fikrini öz şəxsi facebook hesabından bildirdi.
Bloklanan səhifələrin “trol fabriki” (sosial mediada saxta xəbərlər yerləşdirmək və yalan reklamlardan istifadə edərək istifadəçilərə təsir edən trolların (saxta hesabların) bir yerə toplandığı birlik) də olaraq adlandırılan və xüsusi hədəfli reklamlar yaratmaq, ABŞ və Avropadakı seçkilərə təsir etmək üçün saxta səhifələr şəbəkəsi yaratmaqda ittiham olunan Sant-Peterburq İnternet Araşdırma Agentliyi (İRA) təşkilatı nəzdində fəaliyyət göstərdiyi qeyd olunur.
Facebook CEO-su “Bu rus agentliyi dəfələrlə aldadıcı davrandı və ABŞ, Avropa və Rusiyadakı insanları manipulyasiya etməyə çalışdı” deyərək bloklanan səhifələrdən hər birinin Facebook-da ən azı bir milyon, İntagramda isə təxminən 500 min izləyicisi olduğunu qeyd etdi.
Bundan başqa Zuckerberg istifadəçilərin İRA-nın idarə etdiyi səhifələrdən birini izləyib-izləmədiklərini öyrənə biləcəkləri bir alət üzərində işlədiklərini də açıqladı.
15 mart 2018-ci il tarixində ABŞ hakimiyyəti, Rusiyanın 2016-cı ildə Amerikadakı prezident seçkilərinə kiber hücumlar yolu ilə müdaxilə etdiyi iddiaları ilə bağlı 19 rus vətəndaşı və 5 təşkilatı sanksiya siyahısına saldığını açıqladı.
ABŞ Xəzinədarlıq Departamenti tərəfindən edilən yazılı açıqlamada Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisinin bəzi rus vətəndaşları üzərində həyata keçirilən yeni sanksiyaları ictimaiyyətə elan edildi. Sanskiya tətbiq edilən təşkilatlar arasında İnternet Araşdırma Agentliyi (İRA) da var.