İran internet istifadəçilərini yerli tətbiqlərə yönəltmək məqsədilə ölkədəki ən populyar ismarıclaşma tətbiqi Telegram-ın İrandakı məzmun paylama şəbəkəsinin (CDN) lisenziyalarını ləğv etdi.
İran Telekommunikasiya İnfrastruktur Şirkəti tərəfindən edilən açıqlamada Telegram-ın məzmun paylama şəbəkəsinin İran Kiber Məkan Ali Şurasının göstərişi əsasında aradan qaldırıldığı bildirilib. Həmçinin bildirilib ki, bundan sonra Telegram-dan istifadə edənlər problemlərlə qarşılaşacaq.
İran Prezidentinin müşaviri Hüsaməddin Aşina öz Twitter hesabından verdiyi açıqlamada Telegram-ın verdiyi sözləri yerinə yetirməməsindən sonra bu addımın atıldığını bildirib.
Bu hadisədən sonra İranda Telegram ilə edilən mediya paylaşımlarında məhdudiyyətlər yaşanıb.
Ötən həftə isə İranın dövlət qurumlarında xarici ismarıclaşma tətbiqlərindən istifadəyə qadağa qoyulmuşdu.
İran Kiber Məkan Ali Şurasının sədri Ebulhəsən Firuzabadi ötən gün verdiyi açıqlamada İrandakı xarici ismarıclaşma tətbiqlərinə qoyulan qadağadan sonrakı bir həftə ərzində 12 milyon iranlının Soroush tətbiqi də başda olmaqla, yerli ismarıclaşma tətbiqlərini istifadə etməyə başladığını bildirmişdi.
Soroush Messenger-in interfeysi
Qeyd edək ki, qısa müddət əvvəl Rusiya hökuməti də tətbiqdəki şifrələnmə kodlarını Rusiya Federal Təhlükəsizlik Xidməti ilə paylaşmadığı səbəbilə Telegram-a ölkə ərazisində məhdudiyyət qoymuşdu.