Smartfon istifadəçilərini ən çox əsəbiləşdirən bildirişlərdən biri də daxili yaddaşın dolmasıdır. Bu bildiriş gəldikdə bir qayda olaraq bir neçə köhnə şəkil və heç istifadə etmədiyiniz tətbiqləri silərək işinizə davam edirsiniz. Bəs bu problemlə hər keçən gün daha da tez qarşılaşdığınızın fərqinə varmısınızmı?
Mobil analitik şirkəti Sensor Tower-in statistikasına görə ən çox istifadə olunan iOS tətbiqlərinin həcmləri 2013-cü ildəkinə nisbətən 12 dəfə böyükdür. Məsələn, App Store-dakı ən məşhur tətbiqlərdən biri olan Snapchat-in həcmi 2013-cü ildə sadəcə 4 MB idisə, hal-hazırda bu tətbiqin həcmi 203 MB-dır. 51 dəfəyə qədər həcm artışı olmasına baxmayaraq Snapchat yenə də ən böyük həcmli tətbiq deyil.
Məşhur tətbiqlər arasında telefonunuzda ən çox yer tutma "şərəfi" 388 MB həcmlə Facebook-a məxsusdur. 2013-cü ilin may ayında Facebook tətbiqinin həcmi sadəcə 32 MB idi. Zamanla artan həcm ötən ilin sentyabr ayında gələn yeniləmə ilə 100 MB daha artdı.
Yalnız Snapchat, Gmail və YouTube kimi məşhur sosial media tətbiqləri günahkar deyil. Oyunların da həcmi ildən-ilə daha da artır. Candy Crush Saga kimi sadə oyunun həcmə 223 MB-dır. Lakin bu rəqəm 2013-cü ildə 48 MB idi. İnjustice 2 kimi yüksək qrafikli oyunların həcmi isə 1 GB-dan da daha çoxdur.
Bütün bu narazılıqları nəzərə alan Apple bu problemi həll etmək üçün yeni işlər görür. iOS 11-in istifadəyə verilməsi ilə birlikdə Apple şəkillərin və videoların həcmini azaldacaq və yeni bir format yayımlayacaq. Bir müddət əvvəl barəsində məlumat verdiyimiz "İstifadə edilməyən tətbiqləri boşalt" adlı özəllik də bu mövzuda sizə kömək etməyə çalışacaq.