ABŞ prezidenti Donald Trump Çinin elektronika və mobil qurğular istehsal edən ZTE şirkətinə qoyulan qadağaların ləğv ediləcəyini və şirkətin yenidən ciddi fəaliyyətinə davam edəcəyini elan edib. Trump öz Twitter hesabından etdiyi açıqlamada qadağaların ləğv edilməsi ilə bağlı ZTE ilə razılığın əldə edildiyini bildirən xəbərlərin doğruluğunu təsdiqləyib.
Demokratların çinli firmanın yenidən fəaliyyətə başlamasına şərait yaradacaq bu razılığa qarşı çıxmasını ciddi şəkildə tənqid edən Donald Trump Twitter-dəki paylaşımında bunları qeyd edib:
"Senator Chuck Schumer və Obama hakimiyyəti mobil telefon şirkəti ZTE-nin heç bir təhlükəsizlik yoxlanışı olmadan böyüməsinə icazə verib. Mən şirkəti bağladım və açılmağına yüksək səviyyədə təhlükəsizlik yoxlanışları, idarə və idarə heyəti dəyişikliyi, "Amerikalı" hissə (detal) istifadə etməyin məcburi olması və 1,3 milyard dollar cərimə qarşılığında icazə verdim. Demokratlar şikayət etmək və əngəlləməkdən başqa heç bir şey etmirlər. Onlar sadəcə uğursuz razılıq müqaviləri bağlayıblar (İran) və yalnızca sözdə olan ticarət müqavilələri bütün dünyada məzə obyektidir."
Nə baş vermişdi?
Bir müddət əvvəl Trump hakimiyyəti çinli şirkət ZTE-nin ABŞ-da istehsal edilən məhsulları qeyri-qanuni yollarla İrana göndərərək ABŞ hökumətinin İrana qarşı qoyduğu sanksiyaları pozduğunu sübuta yetirdikdən sonra amerikalı şirkətlərin ZTE-yə detal və ya proqram təminatı satmasını 7 il müddətində qadağan etmişdi.
Qadağadan sonra mobil telefon sektorundakı fəaliyyətini dayandırdığını açıqlayan şirkətin bu qadağa səbəbi ilə 3,1 milyard dollar zərərə uğradığı iddia edilmişdi.