Çinin "parlayan ulduzu" sayılan Xiaomi şirkəti smartfon bazarında gücünü hər gün daha da artırır. Bir müddət əvvəl illik satış hədəflərinin 100 milyon ədəd olduğunu elan edən şirkət artıq bu göstəriciyə il tamamlanmadan çata bilib.
İl ərzində həyata keçirdikləri satış strategiyaları və məhsul təqdimatları ilə uğurlu addımlar atan firma qarşıya qoyduğu illik hədəfini sadəcə 10 ay ərzində reallaşdırıb. Çində təşkil olunan Zhong Guan Cun tədbirində danışan şirkətin CEO-su Lei Juan bu hədəfə çatmağın heç də asan olmadığını, lakin sərf olunan böyük əməyin qarşılığında qısa müddət ərzində bunu reallaşdırdıqları üçün qürur duyduğunu deyib.
Görünən odur ki, sadəcə Çində deyil, qlobal arenada da böyük nəaliyyətlər qazanan Xiaomi şirkəti sektordakı digər nəhəng şirkətlərlə mübarizəyə tam hazırdır.
Ən böyük ikinci smartfon istehsalçısı Huawei isə bu il 200 milyondan çox smartfon satışını həyata keçirməyi planlaşdırırdı. Lakin Huawei cəbhəsində hələ ki, nəticələr barəsində bir rəsmi məlumat yoxdur.
Qarşıya qoyulan bu fantastik satış hədəfləri smartfon bazarında ciddi rəqabətə səbəb olur ki, bu rəqabətdən də ən az firmalar qədər istehlakçılar da xeyir görür.