Samsung ilə rəqabəti daha da qızışdırmaq istəyən Huawei Cənubi Koreya şirkətindən cəld davranaraq noyabr ayında ilk qatlana bilən smartfonunu ictimaiyyətə təqdim edəcək.
Smartfon bazarının növbəti inqilabi cihazlarının qatlana bilən ağıllı telefonlar olması gözlənilir. Bu zaman isə diqqətlər uzun zamandır ağıllı telefonlar üzərində araşdırmalar aparan Samsung-a yönəlir. Ancaq son xəbərlər Huawei-in Samsung-u qabaqlayaraq ilk qatlana bilən ağıllı telefonunu təqdim etməyi qarşısına məqsəd qoyduğunu göstərir.
Bildiyimiz məlumatlara əsasən, Huawei qatlana bilən smartfon layihəsinin rəhbərliyinə Şanxaydakı tədqiqat və inkişaf (R&D) mərkəzinin texnologiya direktorunu gətirib. Bundan başqa, Huawei şirkəti qatlana bilən smartfonlar üçün material və hissələri tədarük edəcək şirkətlərlə də məxfilik müqaviləsi (non-disclosure agreement) imzalayıb. Bütün bu addımlar Huawei-in qatlana bilən telefonlar bərəsində nə qədər ciddi olduğunu göstərir.
Samsung Electronics qatlana bilən ağıllı telefonların ekranları üçün Samsung Display ilə əməkdaşlıq edir. Samsung Display qatlana bilən ekran texnologiyasında ciddi məsafə qət edib. Huawei isə qatlana bilən OLED ekranlar üçün LG ilə əməkdaşlıq çərçivəsndə fəaliyyət göstərir.
Gələn məlumatlar Huawei-in noyabr ayında qatlana bilən smartfon çıxaracağını deyir, digər bir tərəfdən Samsung-dan da verilən bir açıqlamada qatlana bilən smartfonun 2018-ci ilin sonu 2019-cu ilin əvvəlində çıxarılacağı deyilmişdi. Onu da qeyd edək ki, Samsung-un mobil kommunikasiyalar üzrə vitse-prezidenti Dongjin Koh Mobile World Congress 2018-də şirkətin artıq “ilk” olmaq əvəzinə “ən yaxşı” olmağı hədəflədiklərini bildirmişdi.