Avenir Telecom hal-hazırda smartfonlarını Energizer adı altında satışa çıxarır. Bugün yayılan məlumatlara görə, gələn həftə Barselonada təşkil ediləcək Mobile World Congress (MWC) 2018-də 16.000 mAh həcmli batareyaya sahib olan yeni Energizer POWER MAX P16K Pro adlı smartfonunun təqdimatını edəcəyini açıqladı. Məlumat üçün qeyd edək ki, Oukitel firması bir neçə il əvvəl 10.000 mAh batareyalı və 10 günlük batareya ömrü təqdim edən K10000 adlı smartfonunu satışa çıxarmışdı.
Şirkət bundan əlavə, böyük bir batareya ilə gəlməsinə baxmayaraq satışa çıxacaq smartfonun olduqca incə olacağını qeyd edib. Şirkətin açıqladığı digər məlumatlara görə isə smartfon 5,99 düymlük, 18:9 nisbətli Full HD+ ekrana, 6GB RAM və 128GB daxili yaddaşa sahib olacaq. POWER MAX P16K Pro çox böyük batareyaya sahib olduğu üçün təbii olaraq digər smartfonlardan ağır olacaq və bir tam şarj ilə həftələrlə davam edəcək bir batareya ömrü təqdim edəcək. Bu qədər böyük batareyanın enerji yığmasının çox uzun çəkəcəyi üçün şirkətin sürətli şarj dəstəyini də təqdim edəcəyini ümid edirik.