YouTube kapitalizmi. YouTube-un "qaranlıq tərəfi"

YouTube reklamların köməyi ilə milyardlarla dollar qazansa da bunun çox kiçik bir hissəsini məzmunu hazırlayan şəxslərə verir.

Təxminən ay yarım əvvəl Nasim Aghdam-ın YouTube-un Kaliforniyada yerləşən mərkəzinə basqın edib 3 nəfəri yaraladıqdan sonra intihar etməsi hadisəsini xatırlayırsınızmı? Bir neçə saat ərzində bütün dünyaya səs salan bu hadisənin səbəbi isə cinayəti törədən Azərbaycan əsilli YouTuber-a çox az məbləğdə ödəniş edilməsi idi. 

Ekosistemi və qəbul etdiyi reklamlar ilə ildə 100 milyard dollardan çox pul qazanan YouTube bunun çox kiçik hissəsini məzmunu hazırlayan və YouTuber adlandırılan şəxslərlə "bölüşür". Əlavə olaraq qeyd edək ki, bu "bölüşmə" müxtəlif faktorlara bağlı olaraq dəyişir. 

Google-ın 2017-ci ildəki 110 milyard dolları keçən gəlirlərində ciddi paya sahib olan YouTube-un istifadəçi sayı 1 milyard nəfərdən çoxdur ki, bu da bütün dünyadakı internet istifadəçilərinin təxminən 1/3 hissəsi deməkdir. 

Google-ın bu onlayn video izləmə platforması sadəcə reklam verənlərin deyil, bu platformaya video yükləyən məzmun yaradıcılarının da gəlir mənbəyidir. Hətta son illərdə dünyada olduğu kimi Azərbaycanda da bu platformada paylaşımlar edən və YouTuber adlandırdığımız şəxslərin bu sahədə xüsusi "bazar" yaratdığını da müşahidə edirik.

İş hər nə qədər "Pişik videosu çək, YouTube-da paylaş və pul qazan" kimi sadə şəkildə xarakterizə edilsə də əslində bu platformada davamlı olaraq gəlir əldə etmək üçün Google və YouTube-un tez-tez dəyişən "axtarış nəticələri" və "məsləhət görülən videoları" necə göstərdiyini aydınlaşdıran alqoritmini analiz etmək lazımdır. 

Minlərlə "klik"-ə 10 sentlik tarif

100 min dəfə izlənilən bir videonun bu videonu paylaşana qazandıracağı məbləğ YouTube-a görə 100-dən çox kriteriyaya əsasən dəyişir.  Əlavə olaraq YouTube-dan qazanılacaq gəlir kanalın mənsub olduğu ölkə və yayımlanma dilinə görə belə dəyişə bilər. Məsələn, 1000 baxış sayı üçün müəyyən olunmuş ortalama gəlir ABŞ-da 5-6 dollara bərabər olarkən, edilən araşdırmalara görə ölkəmizdə bu məbləğ dollara çətinliklə çatır. Vəziyyət belə olduqda isə bir çox YouTuber fəaliyyətini məcburi olaraq dayandırır.

Bu dramın ən son və ən çox səs-küyə səbəb olan nümunələrindən biri olan Nasim Aghdam veb-saytında YouTube-un gəlir bölüşdürmə siyasətini öz kanalının məlumatlarını paylaşdığı ekran görüntüsü və "300 min baxışın gəliri 0,10 dollar???" sözləri ilə tənqid etmişdi.