Galaxy Note 7 Fan Edition modelinin rəsmi təqdimatı oldu

Samsung yenilənmiş Galaxy Note 7 modelinə sürpriz bir özəllik əlavə edib.
Dünən Galaxy Note 7 Fan Edition (FE) modelinin rəsmi təqdimatı olub. Batareya problemi ilə yaddaşlarda qalan Galaxy Note 7 modelinin yenilənmiş versiyası 7 iyuldan etibarən satışa çıxacaq. Artıq Cənubi Koreyalı operator servisi LG Uplus yenilənmiş versiyanın öncədən sifarişlərini 611 dollar qiymətlə qəbul etməyə başlayıb. Sifariş məlumatlarına görə yenilənmiş Note 7 ötən ilki versiyada olduğu kimi 4 rəng seçimi ilə gələcək.

Galaxy Note 7 Fan Edition (FE) modelində bəzi kiçik dəyişikliklər də edilib. Ən önəmli dəyişiklik isə ötən il səs-küyə səbəb olan batareyanın dəyişməsidir. Yeni batareya öncəkindən 8,5% daha kiçikdir. Yəni yenilənmiş Note 7 3500 mAh yerinə 3200 mAh tutumlu batareya ilə gəlir.

Galaxy Note 7 Fan Edition modelinin rəsmi təqdimatı oldu

Galaxy Note 7 (FE) 1440 x 2560 keyfiyyətli 5,7 düymlük Super AMOLED ekrana sahibdir. 4 nüvəli Snapdragon 821 çipseti ilə gücləndirilən cihazın qrafik əməliyyatçısı isə Adreno 530-dur. Cihazın yaddaşla bağlı da bir problemi qalmayıb. Belə ki, yenilənmiş Note 7-də 4 GB RAM və 64 GB daxili yaddaş yer alıb.

Cihazın digər özəllikləri isə barmaq izi sensoru, göz qişası (iris) sensoru, toza və nəmə dayanıqlılığını göstərən IP 68 sertifikatı və Note modellərində gördüyümüz S-Pen-dir. Sürpriz yenilik isə Galaxy S8 ilə gələn virtual asistant Bixby-nin Note FE-yə daxil edilməsidir. Sonda qeyd edək ki, Galaxy Note FE modelinin interfeysi də Galaxy S8 modeli ilə eynidir.