Rəqəmsal dövrün meydana çıxardığı ən populyar işlərdən olan vloqqerlik və ya YouTuber-lik son dövrdə ciddi bir peşə olaraq icra olunur. Bir yandan əylənib, bir yandan insanları əyləndirib, digər tərəfdən də bu işdən pul qazanan insanlar və ya bunu istəyən çox ciddi bir kütlə bütün dünyada mövcuddur və ölkəmizdə də ilklərə imza atmış bu işin bir neçə pionerləri mövcuddur. Nəzərə alsaq ki, mediyanın gələcəyi rəqəmsal aləmdədir və dünyanın ən önəmli TV kanalları və mediya platformaları rəqəmsal sahəyə çox ciddi investisiyalar edirlər, o zaman bu transformasiyanı nəzərə almamaq bizim üçün böyük itki olar.
Ən əsası yaxşı bir görüntü və səsdir. Qalanı təfərrüatdır..
Vloqqerliyin təhsili, yaxud təlimi olsa da, bəzi peşələrdə olduğu kimi video məsələsində də bir çox şeyi iş üzərində öyrənmək fikrimizcə, ən ideal variantdır. Hər kəs üçün olmayan bu işi həqiqətən də bacara biləcəksinizmi sualına cavab tapmaq belə bu mənada önəmlidir. Siz də heyranı olduğunuz YouTube ulduzlaırndan biri olmaq istəyə bilərsiniz, bunun üçün müxtəlif dərsləri öyrənə bilərsiniz. Amma əgər abunəçi kütləniz ilə səmimi bir dialoq yarada bilməsəniz istədiyiniz uğuru qazana bilməyəcəksiniz. Əlbəttə ki, sınamadan və bu işi qaydasına görə etmədən öz potensialınızı öyrənə bilməzsiniz.
Bu işə başlayarkən bilməli olduğunuz ən vacib məsələ budur: Bir vloqqerin alət çantasında ən önəmli cihazı kameradır. Bu bir iPhone da ola bilər, yaxşı bir SLR də ola bilər. Amma ən önəmlisi odur ki, yaradacağınız kontentə uyğun, standartların altında qalmayan bir cihaz olsun. Onu da qeyd edək ki, artıq izləyicilər səmimiyyət pərdəsi arxasında gizlənən və görüntü keyfiyyəti aşağı videoları mənimsəmirlər. Çünki hərkəsin əlində Full HD, hətta 4K çəkən kameralar var. Bu səbəbdən də kamera seçimi səsdən və işıq seçimindən daha kritik məsələdir.
“Yaxşı vloq kamerası necə olmalıdır?” sualının cavabı tamamilə çəkəcəyiniz mövzular və büdcənizlə əlaqədar olsa da, yuxarıda qeyd etdiyimiz kimi:
- Ən azından HD video çəkə bilən və sürətli fokuslana bilən kamera olması əsas şərtdir.
- İkinci vacib məsələ səsdir. Alacağınız kameranın daxili bir mikrofonu olmalıdır, yaxud da ən azından xarici bir mikrofon girişi olmalıdır.
- Kamera seçimində çəkiliş edəcəyiniz məkan da önəmlidir. Evdə, yaxud çöl şəraitində video çəkməyiniz kamera seçimində vacib nüansdır. Əgər çöl şəraitində çəkiliş etsəniz görüntü sabitləşdirmək, külək və ya çöldəki səsləri azaltmaq, suya davamlılıq kimi xüsusiyyətlər sizin üçün önəmlidir. İndi isə keçək sadaladığımız bu xüsusiyyətlərin bir çoxuna sahib olan kameralara və onların xüsusiyyətlərinə.
Canon G7X Mark II
Kompakt, yüngül, keyfiyyətli bir cihaz olan G7X münasib qiyməti ilə vloqqerlik üçün yaxşı seçimdir. Cihaz ehtiyac duyduğunuz bir çox xüsusiyyəti özündə birləşdirir. 180 dərəcə dönən LCD ekranı, Wi-Fi və xarici səsi azaltmaq funkisyası bunlardan bəziləridir. Çıxarılabilən lens, 4K video və suya davamlılıq isə cihazda çatışmayan bəzi xüsusiyyətlərdir.
GoPro Hero 5 Black
Hero 5 cihazlar içərisində ala biləcəyiniz ən kiçik kameralardan biridir. 4k videonu dəstəkləyən cihaz görüntünü sabitləşdirmək və suya davamlılıq xüsusiyyətlərinə sahibdir. Cihazın video keyfiyyəti cib həcmində olan belə kameraya görə çox yaxşıdır. Görüntünü sabitləşdirmək funksiyası isə gəzərkən çəkiliş etdiyiniz təqdirdə yaranan titrəşimlərin təsirini aradan qaldırır. Cihazın sensorlu ekranı bir az yavaş işləyir və səs keyfiyyəti bəzi hallarda yaxşı deyil.
Sony RX100 IV
DSLR kameralara rəqib olaraq dizayn edilən Sony RX-in qiyməti həcm olaraq nisbətən kiçik olan kameralar içərisində ən çox olanıdır. RX100-də oxşar digər kameralar kimi çəkilişi asanlaşdıran dönən ekran mövcuddur, ancaq ekran sensorlu deyil. Cihazın iş sürəti olduqca yaxşıdır, ancaq menyular arasında gəzmək bir az vaxt ala bilir. Video keyfiyyəti isə həqiqətən çox yaxşıdır. Avtomatik fokuslanmaq funksiyası sayəsində hər hansı bir düyməyə basmağa ehtiyac olmadan çəkilən obyektə fokuslana bilir. Buna əlavə olaraq cihazda Wi-Fi, 4k çəkiliş, yavaş çəkiliş, xarici səsi azaltmaq kimi xüsusiyyətlər də var. Ancaq bütün bu xüsusiyyətlər qarşılığında qiyməti əl yandırır.
Panasonic Lumix DMC-LX15
Cihaz bir çox xüsusiyyəti və dizaynı baxımından Sony-nin kamerasına çox oxşayır. Ancaq qiymət olaraq daha münasibdir. Cihazın avtomatik fokuslanmaq və xarici səsi azaltmaq funksiyaları Sony RX100 qədər yaxşı olmasa da, video və səs keyfiyyəti Sony-nin cihazından daha yaxşıdır. Bu baxımdan iç məkan çəkilişlərində üstünlük verilərsə çox yaxşı nəticələr əldə etmək olar.
Nikon D3400
Əgər istədiyiniz DSLR bir kameradırsa Nikon D3400 yaxşı bir seçim ola bilər. Cihazın video keyfiyyəti yetərincə yaxşıdır. Edəcəyiniz çəkilişlərdə canlı, detallı və yumuşaq görüntülər əldə etməyiniz mümkündür. Bundan başqa xarici məkandakı səsləri də yox etməyiniz mümkündür. Ən önəmli çatışmazlığı isə 180 dərəcə dönən bir LCD ekrana sahib olmamasıdır. Əgər bu xüsusiyyət sizin üçün vacib deyilsə Nikon D3400 sizə tövsiyyə edə biləcəyimiz bir cihazdır.
Canon EOS 80D
Kameraların böyük qardaşı Canon 80D DSLR-dir. Seçimlər içində ən böyük və ən ağır olan bu cihaz eyni zamanda qiymət olaraq da ən bahalısıdır. Amma yenə də dünyanın ən məşhur vloqqerləri tərəfindən ən çox üstünlük verilən kameralardandır. 80D tərəfindən çəkilən görüntülər təxmin etdiyiniz kimi mükəmmələ yaxındır. Cihazda hər cür çəkiliş seçimi mövcuddur. Ancaq cihazı bir neçə dəqiqədən çox daşımamağınızda fayda var. Bu səbəblə də gəzgin vloqqerlər tərəfindən istifadəsi çox tövsiyyə edilmir.