Son vaxtlarda Facebook-da yaşanan böhranların abu-havası keçməmiş, şirkətdə CEO olaraq vəzifə tutan WhatsApp-ın təsisçisi Jan Koum-un istefası Facebook-un idarəedici heyətində çaxnaşma yaratdı.
WhatsApp 2014-cü ildə Facebook tərəfindən satın alınmışdı. Şirkətin təsisçiləri Brian Acton və Jan Koum da bu birləşmədən sonra yenə də CEO olaraq vəzifələrinə davam etmişdilər. Brian Acton ötən ilin noyabr ayında Facebook-dan istefa vermiş və Cambridge Analytica böhranından sonra “Facebook-u silin” kampaniyasına dəstək verməsi ilə gündəmə gəlmişdi. Onun ortağı Jan Koum isə hələ Facebook-da vəzifəsini davam etdirirdi.
Facebook-un WhatsApp-ı almağından bu yana şirkətlə anlaşmazlıq içində olan Jan Koum “Texnologiyadan kənardakı mənə zövq verən məsələlərlə məşğul olmaq üçün bir müddət işləməyi dayandırıram” deyə, Facebook hesabındakı paylaşımından bildirsə də, onun şirkətdən ayırlmağının arxasında istifadəçi məlumatlarının qorunma kriteriyaları məsələsinin olduğu güman edilir.
Tez-tez istifadəçi məlumatlarının qorunması ilə bağlı WhatsApp tərəfindən vədlər verisə də, biz bu məlumatların əsl sahibinin məhz Facebook olduğu və reklamdan başlamış digər məsələlərə qədər müxtəlif məqsədlər üçün istifadə olunduğunu da eşidirik. Koum və Acton hər zaman məlumat paylaşımını minimum səviyyədə tutmağa çalışdılar. Koum özünün paylaşımında WhatsApp komandasının bundan sonra da möhtəşəm işlər görəcəyini desə də, vəziyyətin o qədər də mükəmməl olmadığını anlaya bilərik.
Facebook-un təsisçisi Mark Zuckerberg Koum-un paylaşımına yaazdığı şərhdə “Səninlə bu qədər yaxından işləmək üçün darıxacağam. Dünyanı bağlamağımıza kömək etdiyin və mənə öyrətdiklərin üçün sənə minnətdaram....” deyə, bildirdi.
Ancaq bu, yenə də bağlı qapılar arxasında nələrin danışıldığına dair işarələr vermir. Hələlik Koum-un yerinə kimin gələcəyi bilinməsə də, bu vəzifə üçün 2 güclü namizəd var:
- WhatsApp-ın biznesin inkişafı üzrə vitse-prezidenti Neeraj Arora
- Facebook-un ismarıclaşma məhsulları üzrə vitse-prezidenti və Messenger-in direktoru David Marcus