Whatsapp Google Play Beta proqramında qeydiyyatdan keçmiş Anroid istifadəçiləri üçün yeni 2.18.123 Beta yeniləməsini həyata keçirdi. Yaxın zamanda bütün istifadəçilər üçün də təqdim ediləcək yenilik “Saxlanılmış səsli ismarıclar” xüsusiyyəti ilə işimizə daha çox yarayacaq.
Adından da göründüyü kimi bu yenilik səsinizi yazarkən telefonunuza zəng gəlməsi kimi səbələrlə əlaqədar səs yazınızın yarımçıq qalmasının qarşısını alacaq və həmçinin də yazdığınız səsi dinləyə biləcəksiniz.
Ancaq sonradan bu səsinizə qaldığınız yerdən davam edə bilməyəcəksiniz. Sadəcə yazdığınız səsə qulaq asa və hər şey qaydasındadırsa, qarşı tərəfə göndərə biləcəksiniz. Saxlanılmış səs söhbətizin aşağı hissəsində olacaq.
Qeyd edək ki, bu yenilik artıq WhatsApp-ın iOS versiyasında mövcud idi və Android istifadəçiləri üçün də son Beta yenilənməsi ilə əlçatan oldu. Lakin bu yeniliyin standart Android versiyası üçün nə zaman gələcəyi barədə məlumat verilməyib.
WhatsApp uzun müddətdir bu kiçik, lakin istifadəçilər üçün önəmli xüsusiyyətlər üzərində işləyir. Məsələn, ötən ay Beta versiya üçün səsi yazarkən bir barmaq hərəkətilə düyməni basaraq saxlamaq məcburiyyətini aradan qaldıran “Kilidlənmiş səs yazısı” və istifadəçinin olduğu yeri göstərən “Canlı məkan stikeri” yenilikləri buna nümunə ola bilər.
WhatsApp və digər tətbiqlərin hələ ümumi istifadəyə təqdim edilməmiş Beta versiyalarını sınamaq üçün Play Store-da tətbiqlərin aşağısındakı pəncərədən qeydiyyatdan keçə bilərsiniz. Lakin bunu edə bilməyiniz tətbiqi test edən istifadəçi sayı limitindən asılıdır.