Taksi xidmətini yerdən göyə daşıyaraq daha sürətli və qənaətcil olmağı hədəf seçən Uber-in uçan taksisinin prototipinin ilk görüntüləri yayılıb.
Uber 2020-ci ildə istifadəyə verməyi planlaşdırdığı uçan taksi ilə sərnişin daşımada köklü dəyişikliklər etməyi ümid edir. Los Ancelesdəki Uber Elevate Summit konfransında nümayiş etdirilən uçan taksi hələ ki bir maketdən ibarətdir.
Uçan taksi təyyarə və vertolyotun qarışığı bir dizayna sahibdir və şaquli vəziyyətdə qalxıb, enə biləcək. Ənənəvi vertolyotdan daha səssiz olan və az xərc tələb edən bu taksi tamamilə elektriklə işləyəcək.
Bu taksiləri də çağırmaq üçün Uber tətbiqindən istifadə olunacaq. Müştərilər və taksi qalxış üçün binaların damlarında olan ən yaxın qalxış nöqtəsində görüşəcəklər.
Müştərilər istəsələr, uçan taksini başqa müştərilər ilə də paylaşa biləcəklər. Belə ki, Uber bu yeniliyi ilə təkcə tıxaclardan canını qurtarmaq və sərnişin daşımanı hava məkanına yönəltməyi qarşısına məqsəd qoymayıb. Şirkət, həm də istifadəçilərin bu uçan maşınları birlikdə istifadə edəcəyi bir şəbəkə yaratmağı planlaşdırır. Beləcə, hər iki tərəf üçün də uçuş xərcləri azalmış olacaq.