Yaponiyada süni zəkalı robot bələdiyyə başçısı olmaq üçün namizədliyə irəli sürüldü. Əgər seçkiləri qazansa, Tokionun Tama mahalı süni zəkalı robot tərəfindən idarə olunacaq.
Texnologiya istehsalında dünyaya liderlik edən Yaponiya bələdiyyə seçkilərinə süni zəkanın da namizəd olmağı ilə gündəmə gəldi. Eks bələdiyyə başçısı Michihito Matsuda süni zəkanın bələdiyyə başçısı olmağını dəstəklədiyini açıqladı. Qadın formasında olan süni zəkalı robotun afişaları artıq Tamanın hər yerində asılıb. Hətta robot namizədin ofisi və veb saytı belə mövcuddur.
Yaponiyadakı bu inkişaf texnologiya aləmində tamamilə yeni bir istiqamətdir. Elə bu işin arxasında da 2014-cü ildə namizədliyini irəli sürən, ancaq seçkiləri qazana bilməyən Matusda dayanıb. Matsuda süni zəka tərəfindən idarə olunan bələdiyyə sisteminin tərəfsiz və sabit bir siyasət aparacağını, rüşvətə və aldatma hallarına son qoyulacağını qeyd etdi. Bundan başqa, o qeyd edib ki, əgər süni zəka bələdiyyə başçısı olsa 100 insandan 99-u idarəetmədən razı olacaq.
Ötən aylarda isə Birləşmiş Ərəb Əmirliklərində Süni Zəka Nazirliyi yaradılmışdı. Bütün bu baş verənlər süni zəkanın siyasətdə də sabitliyi dəyişdirəcəyini göstərir. Vətəndaşların bir alqoritmə güvənib güvənməyəcəyi isə əsas maraq doğuran məsələdir. Bəzi insanlar isə süni zəkalı bir robotun bacarıqsız və ədalətsiz insanlara yaxşı bir alternativ olacağını düşünərək, idarəetmədə bu süni zəkanın olmalı olduğunu deyiblər.