Bu gün potensial olaraq planetin demək olar ki, hər sənaye sahəsinə təsir edən süni intellekt və ya süni zəkanın gələcəyinin Amerika və Çin texnologiya şirkətləri arasında bir müharibəyə səbəb olacağı haqqında əbəs yerə fikirlər səslənmir.
Bu müharibənin diqqət çəkən bir tərəfi isə bu yaxınlarda Çinin 2014-cü ildə yaradılmış SenseTime startapının 600 milyon dollar dəyərində C seriyalı investisiya raundundan sonra dünyanın ən bahalı süni zəka texnologiyası startapı olmasıdır. Bu investisiya raundu şirkətin 4.5 milyard dollar həcmində dəyərlənməsinə səbəb olub və raund uzandıqca bu dəyər də artmağa davam edir. Qeyd edək ki, ötən ildəki B seriyalı invesisiya raundunda əldə edilən 410 milyardlıq investisiya şirkəti 1.5 milyard həcmində dəyərləndirmişdi.
SenseTime CEO-su Li Xu şirkətin bu sərmayəni beynəlxalq aləmdəki fəaliyyətini genişləndirmək və süni zəkanın sənaye sahəsinə tətbiqi imkanlarını genişləndirmək üçün istifadə edəcəklərini bildirib.
Sözügedən yüksək rəqəmlərdən başqa, bu rəqəmlər dünya üzrə bir süni zəka şirkəti üçün rekord həddə vəsait yığımıdır, SenseTime-ın investisiya uğuru startapı dəstəkləyən adlara görə diqqətəlayiqdir.
Bu adlardan biri hazırda SenseTimes-ın ən böyük investoru olan 429 milyard dəyərindəki şirkət Alibaba-dır.
Bundan başqa, ABŞ-ın nəhəng mikrosxem istehsalçısı Qualcomm ötən ilki ilk investor idi. Əlavə olaraq, Sinqapurun müstəqil investisiya fondu Temasek və Çinin elektronika məhsullarının ən böyük pərakəndə satış şirkəti Suning də bu startapı dəstəkləyənlər sırasındadır. Qeyd edək ki, Alibaba-nın da investisiya yatırdığı Suning şirkəti gələcəyin mağazasını yaratmaq yolunda üztanıma texnologiyasından istifadə etməklə insansız kassalarda ödəniş sistemini inkişaf etdirmək və böyük məlumat (big data) sistemindən istifadə etməklə müştərilərin analizini həyata keçirmək kimi layihələrində SenseTime-dan istifadə edir.
“SenseTime süni zəka sahəsində qabaqcıl işlər həyata keçirir. Biz onların, xüsusilə dərin öyrənmə (deep learning) və vizual modelləşdirmə sahəsindəki tədqiqat və inkişaf bacarıqlarından təsirləndik. Artıq bizim Alibaba-dakı biznesimiz süni zəka sahəsinə etdiyimiz investisiyalardan faydalanır və daha çox yatırımlar etməkdə qərarlıyıq” deyə Alibaba Group-un vitse-prezidenti Joe Tsai bildirib.
SenseTime-dan verilən məlumata əsasən, şirkətin maliyyə texnologiyası, avtomobil, smartfonlar, ağıllı şəhər texnologiyası kimi sahələr ilə bağlı və aralarında Honda, Nvidia, Çinin UnionPay, Weibo, China Merchants Bank, Huawei, Oppo, Vivo və Xiaomi kimi şirkətlər olan 400-dən çox müştərisi var.
Lakin bəlkə də onun ən gözə çarpan ortağı özünün milli nəzarət sistemində şirkətin sistemlərindən istifadə edən Çin hökumətidir. Belə ki, SenseTime Çinin 170 milyon müşahidə kamerası tərəfindən və polislərin küçələrdə geyindiyi ağıllı eynəklər kimi ən son texnologiyalar vasitəsilə çəkilən informasiyaları emal edir.
Çin əlində bayraq olaraq tutduğu süni zəka texnologiyasını inkişaf edtirməyə böyük əhəmiyyət verir. New York Times-da yayımlanan bir hesabatda hökumətin 2030-cu ildə ölkəni süni zəka texnologiyasında dünya liderinə çevirəcyi qeyd olunurdu və proqnozlara əsasən, o zamana qədər bu sahənin 150 milyard dəyərində olacağı ehtimal olunur.
“Süni zəka həqiqətən də hər peşəni və hər sənayeni dəyişir. Süni zəkanın toxunmadığı demək olar ki, heç bir şey yoxdur” - deyə Google-un Çindəki keçmiş rəhbəri, investor Kai-Fu Lee 2016-cı ildə verdiyi bir müsahibədə bildirmişdi.
Bəlkə də ABŞ və Çindəki süni zəka texnologiyalarının inkişafı arasındakı əsas fərq Amerikada texnologiyanın çox hissəsinın Amazon və Google kimi böyük texnoloji şirkətlərdə inkişaf etdirilməsidir. Ancaq Çində SenseTime və onun rəqibi Megvii (Face + + platformasını inkişaf etdirir) kimi şirkətlər Alibaba kimi nəhənglərin maliyyə dəstəyi ilə fəaliyyət göstərən müstəqil qurumlardır.