Mark Zuckerberg milyonlarla insanın məlumatlarının oğurlanmasından sonra ilk dəfə rəsmi ifadə verdi. ABŞ senatorlarının qarşısında qan-tər içində qalan Zuck iclas ərzində olduqca çətinlik çəkdi. Ancaq senatorların yaddan çıxardığı bəzi suallar da var idi. Bu sualların cavabı hər şeyi daha aydın edə billərdi.
Daha əvvəl nələrin baş verdiyini bilməyənlər üçün Facebook-un nə işlər qarışdırdığından qısaca bəhs edək.
Sosial mediya nəhəngi 87 milyon insanın şəxsi məlumatlarını seçki araşdırmalarında istifadə etmək məqsədilə Cambridge Analytica adlı bir şirkətlə icazəsiz paylaşdı. Bir anket tətbiqi vasitəsilə həyata keçirilən məlumat sızıntısı tətbiqdən istifadə edən insanların dostlar siyahısındakı digər insanlara qədər yayıldı və tarixin ən böyük məxfilik pozuntusu baş verdi. Bu pozuntu həmçinin Facebook vasitəsilə giriş edilən bütün tətbiqlər üçün də keçərli ola bilər ki, bu da hər kəsin təhlükə altında olması deməkdir. Mark Zuckerberg də bunu qəbul edir.
Zuckerberg iki həftə əvvəl baş verən bu skandaldan sonra bu gün könüllü olaraq ilk rəsmi ifadəsini verdi. Olduqca çətinlik çəkdiyi gözə çarpan Zuck bu günləri görəcəyini bilsəydi yəqin ki, Facebook-u yaratmazdı.
Zuckerberg təqribən 5 saat ərzində ABŞ Konqresi qarşısında açıqlama verdi. 40-dan çox senator olduğu üçün hər birinin sual vermək üçün 5 dəqiqəsi var idi. Gənc “diktator” səhvləri qarşısında hər zamankı kimi üzr istəmək turuna davam etdi. Senatorlar, mediya nümayəndələri və digər hər kəs üçün bu anlar olduqca nadir rast gəlinən bir şey idi. Ancaq bunlara baxmayaraq, senatorlar da bəzi sualları nəzərdən qaçırdılar.
1. Facebook Facebook-u istifadə etmədiyimiz zaman bizi necə izləyir?
Əgər Facebook, İnstagram və ya Whatsapp istifadəçisisinizsə məlumatlarınız yığılır və siz izlənilirsiniz. Tətbiqləri istifadə edərkən həyata keçən bu izlənmə prosesi onsuz da bilinən bir həqiqətdir. Ancaq Facebook tətbiqindən çıxış etdiyiniz zaman internetdə gəzərkən axtardığınız bütün məlumatların da izləndiyi deyilir. Məsələnin bu tərəfi hələ ki, söz-söhbətdən ibarət olsa da, senator Roger Wicker Zuckerberg-i küncə sıxışdırdı.
Ancaq sualın cavabı tam şəkildə açıqlanmadı. Zuckerberg özündən əmin şəkildə internet məlumatlarının daha yaxşı reklamlar verə bilmək məqsədilə izləndiyini deyir.
Senatorlar qəti şəkildə bu işin detallarına gedə bilərdilər. İnternetdə gəzdiyimiz yerlər haqqında məlumatların Facebook-a fərqli tətbiqlər vasitəsilə ötürülməsi özü-özlüyündə başqa bir skandal ola bilər.
2. Facebook inhisarlaşırmı?
Daha çox informasiya daha çox pul deməkdir. Facebook-un vaxtilə nəhəng olmağın bir addımlığından qayıdan Snapchat-i satın almaq üçün nə qədər can atdığını bilirik. İstədiyini ala bilməyəndə isə onun funksiyalarını oğurlayıb bütün tətbiqlərinə əlavə etdi.
Zuckerberg-in fikrincə Facebook inhisar deyil və ola bilməz. O, sadəcə bir texnologiya nəhəngidir. Ancaq nəyə görəsə onun dünyanın ən böyük reklam şirkəti olması ilə bağlı çox az sual verildi.
3. Facebook-un məxfilik parametrləri nəyə görə bu qədər qəlizdir?
Platforma istifadəçilərə 3200 sözdən daha uzun istifadəçi müqaviləsi göstərir. Bu zaman isə bir çox insan onun içində nələrin yazıldığına önəm vermir. Zuck-a buna oxşar suallar verilsə də, mövzunun dərinliyinə yenə də getmədilər.