Texnologiya nəhəngi Google ABŞ Müdafiə Nazirliyi olan Pentaqon ilə həyata keçirdiyi hərbi süni zəka layihəsini davam etdirməmək qərarı verib.
“Maven” adlı hərbi süni zəka layihəsinin 8 milyon 6 min dollar həcmində olduğu bildirilir. Layihədə istifadə edilən alqoritmlər vasitəsilə pilotusuz hava cihazlarından əldə edilən görüntülərdəki insanların kim olduğu avtomatik müəyyən edilə bilir.
Google işçiləri daha əvvəl layihəyə qarşı imza kampaniyası hazırlayaraq şirkəti “müharibə ticarətindən” uzaq durmağa çağırmışdı. Google-dan özünün və ya ona bağlı firmaların “müharibə texnologiyası istehsal edib-etməməsini” açıqlaması istənilmişdi.
Google idarə heyətindən Diane Greene 2019-cu ilin sonunda müddəti bitəcək 18 aylıq razılaşmanı yeniləməmə qərarı aldıqlarını işçilərinə söyləyib.
Fevral ayından başlayan imza kampaniyasına qatılanların sayının may ayında 4 minə çatdığı bir vaxtda, bəzi işçilər də etik səbəbləri əsas gətirərək istefa verdi. Kampaniyaya dəstək verənlər arasında kiber dünyada vətəndaşların haqqlarını müdafiə edən qeyri-hökumət təşkilatı Electronic Frontier Foundation da yer alıb.
İnsan nəzarəti ləğv edilə bilər
Robotların hərbi məqsədlərlə istifadə edilməsini əngəlləməyi hədəfləyən International Committee for Robot Arms Control (ICRAC) da Google işçilərini dəstəklədiyini elan etmişdi.
RQ-4 Global Hawk pilotsuz təyyarəsi
“Maven” layihəsində süni zəka ilə əldə edilən məlumatlar insanlar tərəfindən də analiz edilir. Ancaq ICRAC öz açıqlamasında bu texnologiya ilə insanların qərarlarının keçərsiz olduğu, pilotsuz cihazlarla tam avtomatlaşdırılmış hədəf seçmə sisteminə keçilməklə, öldürməyə sadəcə bir addımın qalacağı xəbərdarlığını verib.
ABŞ ordusu və xarici kəşfiyyat xidməti CIA illərdir öldürüləcək hədəfləri izləyərək terror şübhəlilərinə pilotsuz təyyarələrlə əməliyyatlar həyata keçirir. Bu əməliyyatlarda saysız şəkildə günahsız mülki vətəndaşlar da həyatını itirib. Bu son layihədə isə hücum hədəflərini ABŞ prezidentinin təsdiqləməsi lazım olacaq. Bundan əvvəl Barack Obama-nın vaxtında sadəcə Əfqanıstan və Pakistanda deyil, Yəmən və Somalidə də əməliyyatlar həyata keçirilmişdir.