Google-ın Android-dəki ismarıc problemini həll etmə səyləri Zəngin Rabitə Xidmətləri (Rich Communication Services (RCS)) ismarıc standartının "istifadəçi dostu" formasında olacaq “Chat”-ın yaradılması ilə nəticələndi.
RCS-ə SMS-in təkamül keçirmiş forması da deyə bilərik. SMS-də olmayan bir çox xüsusiyyət:
- qrup ismarıclaşması
- "oxundu" nişanı
- “yazır” bildirişi
- yüksək təsvir ölçülü foto və video
kimi Facebook Messenger, WhatsApp və iMessage-da çoxdandır var olan xüsusiyyətlər olacaq. Google Chat-ı bir çox Androiddə olan “Android Messages”ə inteqrasiya edəcək.
Chat bir operator xidmətidir. Google Chat standartını dəstəkləmələri üçün dünya miqyasında 50-dən çox mobil operator və 10-dan çox istehsalçı ilə əməkdaşlıq edir.Chat ilə göndərilən ismarıclar SMS tarifləri ilə deyil, internet tarifləri ilə hesablanacaq və xidmət haqqları operatorlar tərəfindən müəyyənləşdiriləcək.
Chat-ın məqsədi bütün Android telefonlardakı ismarıc tətbiqini müasir xüsusiyyətlərlə təmin etməkdir. Google bu il ərzində yeni ismarıc xüsusiyyətini bir çox Android istifadəçilərinə təqdim edəcək. Ancaq təbii ki, bu xidmətin istifadə oluna bilməsi konkret operatordan asılı olan məsələdir.
Əgər Chat xüsusiyyəti olmayan bir telefona ismarıc göndərsəniz (və ya Android olmayan cihaza), bu ismarıc SMS kimi göndəriləcək.
Digər diqqət cəlb edən digər məsələ isə Apple-ın bu yeniliyi dəstəkləyib-dəstəkləmədiyidir. Gələn xəbərlərə əsasən, Google və bir neçə mobil operator Apple ilə Chat platformasını dəstəkləməsi üçün danışıqlar aparır.
Google-un “Google Talk”, “Google Voice”, “Google+ Huddles”, “Hangouts”, “Allo” kimi tətbiqlərinin yetərli qədər rəğbət qazana bilməməsindən sonra şirkət hal-hazırda diqqətini Android Messages-ə yönəldib. Qeyd edək ki, Chat-ın veb versiyası da istifadəyə veriləcək.
Bu yeniliyin çatışmayan cəhəti isə Chat ismarıclarının SMS-də də olduğu kimi şifrələnməməsidir. Bu isə Chat-ın iOS-dakı Signal və iMessage tətbiqləri kimi təhlükəsiz olmaması deməkdir.
Ancaq nəticə etibarilə Chat SMS-in çatışmayan tərəflərini aradan qaldıraraq istifadəçilərə daha zövqlü ismarıclaşma təcrübəsini yaşadacaq.