İlk dəfə 2006-cı ildə təqdim olunan və sonuncu dəfə 2013-cü ildə dizaynında dəyişiklik edilən Mac Pro-nun yeni versiyası növbəti il qarşımıza çıxacaq. TechCrunch-a verdiyi müsahibədə Apple-ın rəhbər şəxsləri tərəfindən təsdiq olunan xəbərə əsasən dizaynı tamamilə dəyişəcək yeni Mac Pro 2019-cu ildə ictimaiyyətə təqdim olunacaq.
Beləliklə ötən ilin aprel ayında meydana çıxan yeni Mac Pro xəbərləri təsdiq olundu. Xatırladaq ki, Apple ötən ilin iyun ayında iMac Pro, yenilənən MacBook və MacBook Pro modellərini təqdim etmişdi.
Modulyar dizayna malik olacaq
Artıq klassikləşən silindr dizayna malik olan Mac Pro-nun yeni modelində dizaynın tam olaraq nə dərəcədə dəyişəcəyi haqqında hər hansı bir məlumat verilməyib. 2013-cü ildəki modeldən fərqli olaraq modulyar bir dizayna malik olacaq yeni Mac Pro-nun texniki xüsusiyyətləri isə hələ ki, məlum deyil. Lakin xatırladaq ki, 2013-cü ildə təqdim edilən model: 6 nüvəli 3.5 GHz sürətilə işləyən Xeon E5 prosessora, 16 GB RAM-a, 3 GB AMD FirePro D500 qrafiki həcmə ve 256 GB drayver həcminə malik idi.
Yeni Mac Pro-nun modulyar dizayna sahib olmağının ən böyük avantajı isə zamanla yenilənə bilməsidir. Xatırladaq ki, əvvəlki Mac Pro modeli yenilənə bilmədiyinə görə rəqiblərindən geri qalırdı.
2019-cu ildə təqdim olunacaq Mac Pro-nun hal-hazırki iMac Pro-dan daha güclü olacağını deyə bilərik. Daha çox sənaye sahəsində işləyənlər üçün nəzərdə tutulacaq yeni modelin qiymətinin 6500 manatdan başlayacağını düşünürük. Dəqiq buraxılış tarixinin hələlik müəyyən olmadığı Mac Pro ilə bağlı xəbərlər gəldikcə məlumatları sizinlə paylaşmağa davam edəcəyik.