WhatsApp-a reklam gələcəkmi? Facebook-dan açıqlama verildi

Facebook-un ismarıclaşma məhsulları üzrə vitse-prezidenti David Marcus şirkətin WhatsApp-ı reklam verənlərə daha açıq bir platformaya çevirməyi planlaşdırdığını açıqladı.

Ötən aylarda Brian Acton-un, bu həftə isə Jan Koum-un istefa etməsilə WhatsApp-ın təsisçi komandası şirkətdən ayrılmış oldu. Beləcə, reklamların əleyhinə olan ortaqların gedişindən sonra Facebook WhatsApp-da reklamlar təqdim edəcək.

Facebook-un F8 developerlər konfransında bu mövzu barəsində danışan David Marcus ilk addım kimi böyük şirkətlərə WhatsApp istifadəçilərinə birbaşa ismarıc göndərə bilmək xüsusiyyətini təqdim edəcəklərini bildirdi.

İngiltərənin Barclays maliyyə xidmətləri şirkətinin analitikləri Koum-un gedişindən sonra Facebook-un WhatsApp-da reklam satmağa başlayacağını proqnozlaşdırmışdı.

Barclays analitikləri Facebook səhmdarlarına göndərdiyi qeyddə bu qəribə cümləni işlətmişdi:

Ötən illərdə keçirdiyimiz görüşlərdən bu cavabı aldıq: ‘Jan gedəndən sonra rəqəmlər başlayacaq‘.