Microsoft-un Github-ı satın alması iddiası

Microsoft GitHub-ı satın almaqla proqramlaşdırma xidmətlərini genişləndirir

Bütün dünyadan proqramçıların bir yerə toplandığı və açıq mənbəli məzmunların, xüsusuilə İT layihələrin kodlarının saxlanması üçün nəzərdə tutulmuş böyük platforma GitHub-ın Microsofta satılması iddiaları səslənir.

Microsoft-dan və ya GitHub-dan hələlik rəsmi açıqlama verilməsə də Bloomberg başda olmaqla, Business Insider, The Next Web ve The Verge kimi bir çox texnoloji xəbər saytı razılaşmanın reallaşdığını bildirir. Microsoft-un qısa müddətdə bu razılığı elan etməsi gözlənilir.

Nəhəng bir kod hovuzu olan GitHub layihələrini saxlamaq və paylaşmaq istəyən developerlər və şirkətlərin görüş nöqtəsidir.

Apple, Amazon, Google və digər bir çox böyük texnologiya şirkəti GitHub-dan istifadə edir. Bu platformaya ən çox dəyər qatanlar arasında Microsoft-un mindən çox işçisidir ki, onlar da yaratdığı kodlarla GitHub-ın məlumat hovuzunu genişləndirir. Microsoft-un orijinal sənəd idarəedicisi Windows File Manager belə mənbə kodlarını GitHub-da saxlayır. Xidmətin dəyəri 2015-ci ildə 2 milyard dollar idi. İllər keçib və şirkətin dəyəri də artıb. Microsoft-un GitHub-ı 5 milyard dollar ətafında satın aldığı güman edilir.

Microsoft açıq mənbəli proqramlara əhəmiyyət verir

Satya Nadella-nın CEO mövqeyinə gəlməsindən sonra açıq mənbəli texnologiyalara sürətlə investisiya etməyə başlayan Microsoft PowerShell, Visual Studio Code və Microsoft Edge-nin JavaScript motorunu açıq mənəbli olaraq  təqdim etmişdi.

Bundan başqa, Microsoft Windows developerləri üçün idarəetmə sisteminin açıq mənbəli Git versiyasını da istifadə edir.

Microsoft-un developerlərin web və bulud tətbiqləri yaratmasını təmin edən Visual Studio Code proqram təminatı olduqca populyarlıq qazanıb. Microsoft-un GitHub-ı satın alması Microsoft-un developer alətləri və xidmətlərinin daha yaxın inteqrasiyasını görəcəyimiz mənasını verir. Microsoft ötən ay baş tutan Build tədbirində GitHub ilə işlərini həyata keçirmiş, xidməti şirkətin developerlərə təqdim etdiyi Tətbiq Mərkəzinə (App Center) inteqrasiya etmişdi.

Bəzi açıq mənbə tərəfdarları Microsoft-un GitHub-ı satın almasını müsbət qarşılamaya bilər. Microsoft razılaşmanı elan edən zaman GitHub-ın gələcəyinin necə olacağını da öyrənmək mümkün olacaq. Bu açıqlamaların açıq mənbə çevrəsini nə qədər məmnun edəcəyini isə gözləyib biləcəyik.