Dizel mühərriklərinin ömrü 2020-də sona çatacaq!

Artıq avtomobil sektorunda elektrikli və ya hibrid mühərrikli maşınları görmək adi hal olub. Hətta bu mühərrikləri bəzi modellərində test edən firmalar artıq yüksək səviyyəli modellərində də bu texnologiyadan istifadə etməyə hazırlaşır.

Son illərdə avtomobil sektorunda əsasən alternativ yanacaqlarla hərəkətə gətirilən mühərriklərə üstünlük verilir. Bir çox məşhur avtomobil markaları artıq elektriklə işləyən modellərinin sayını genişləndirir və neft əsaslı (benzin, dizel və s.) yanacaqlarla işləyən mühərriklərin istehsalını azaldır. Bu firmalardan biri də Volvo-dur.

Cenevrə Avtomobil Sərgisi bu il sözün əsl mənasında elektrikli və hibrid mühərrikli avtomobillərin nümayişinə şahid oldu. Sərgidə öz şirkətləri və avtomobil dünyasının gələcəyi haqqında danışan Volvo-nun rəhbəri Håkan Samuelsson dizel mühərriklər haqqında bəzi vacib məsələlərə toxundu. Onun sözlərinə görə dizel mühərriklərinin məhsuldarlığını artırmaq üçün mühərriklərin daha da inkişaf etməyinə ehtiyac var. Lakin bu da atmosferin daha da çirklənməsinə səbəb olacaqdır və əlavə olaraq dizelin qiyməti də yüksələcəkdir. Belə bir vəziyyətdə isə dizel mühərriklərinə tələbat azalacaqdır və bu da dizel mühərriklərinin sonu deməkdir.




"Dizel mühərriklər hal-hazırda avtomobil sektorunda əhəmiyyətli bir rola sahibdir və önümüzdəki illərdə də bu dəyişməyəcəkdir. Ancaq hibrid mühərrikli və elektrikli avtomobillərin məşhurluğu, getdikcə büdcəyə uyğunlaşan qiymətləri və istehsal saylarının artması insanları artıq bu istiqamətə yönləndirəcəkdir. Elə bu səbəblərdən də heçkim dizel mühərriklər haqqında düşünməyəcək və dizel mühərriklərə tələbatın azalmasına görə istehsalçılar dizel mühərriklərinin istehsalını dayandıracaqlar. 2020-ci ildən sonra dizel mühərriklərinin istifadə ediləcəyini düşünmürük." deyərək Samuelsson fikirlərini yekunlaşdırıb.

Volvo elektrikli avtomobillər mövzusunda ən ciddi məşğul olan firmalardan biridir. 2019-da bütünlüklə elektrik ilə işləyən ilk modelini satışa çıxarmağa hazırlaşan Volvo 2025-ci ildə isə bütün modellərinin elektrikli növlərini satışa çıxaracaqdır.