Azərbaycanlı startap “Wake me up” avtomobil qəzalarının qarşısını almaqda əhəmiyyətli olacaq [MÜSAHİBƏ]

Yerli startap layihəsi Amerika və Avropa bazarlarına çıxmağı planlaşdırır

Texnologiya.az komandası avtomobil qəzalarının qarşısının alınması məqsədilə yaratdıqları eynək ilə gündəmə gələn "Wake me up" komandasının üzvü Alim Babazadə ilə müsahibə aparıb. Şahin Xəlilov, Taleh Qurbanzadə, İdrak Əsədbəyli və Alim Babazadədən ibarət beynəlxalq arenada uğur əldə etmiş komandanın ərsəyə gətirdiyi məhsulun yaranma hekayəsindən söhbət gedən müsahibəni sizə təqdim edirik.

İnsanların həyatını xilas etmək necə hissdir?

İnsanların həyatını xilas etməyə təşəbbüs etmək yaxşı hissdir. Biz ilk yola çıxanda sırf bunu qarşımıza məqsəd qoymuşduq. Yollarda qəzalar çox baş verir. Sürücülər yollarda xüsusilə gecə saatlarında yuxulama hadisələrinə görə öz həyatlarını itirirlər. Bununla yanaşı həm ətraf-mühitə ziyan vururlar, həm də piyadalarln həyatını təhlükəyə atırlar. Və biz də bu layihəyə başlayanda bu problemləri aradan qaldırmaq istədik. Buna nail olacağımızı düşünmək yaxşı hiss etdirir.

Sizin məhsulunuz bu işin öhdəsindən gələ biləcək?

Biz düşünmürük ki, belə qəzaların 100%-lik qarşısını alacaq hər hansı proqram təminatı və ya cihaz yaratmışıq. Baş verə biləcək qəzaların qarşısının alınmasında kiçik də olsa payımız varsa, bu bizim üçün böyük xoşbəxtlik olardı. Biz düşünürük ki, təxminən 80% işin öhdəsindən gəlmişik. Hal-hazırda eynəyimizi təkmilləşdiririk və sonda inanırıq ki, ortaya mükəmməl bir eynək çıxacaq.

Məhz bu tipli geyiniləbilən cihaz yaratmaq fikri haradan yarandı?

İlk əvvəl eynək fikri yox idi. Nəbz ölçən cihaz vasitəsilə bu işi yerinə yetirəcək məhsul yaratmağı düşünürdük. Sonradan bu tipli cihazın hadisəyə gec reaksiya verəcəyini müəyyən etdik. Bizə fiziki bir hadisə lazım idi və bu hadisə də göz yumulması idi.

Sizin məhsulunuza oxşar bir məhsulu daha əvvəl hansısa şirkət istehsal edibmi?

Edib. Amerikalı bir şirkət istehsal edib. Lakin biz araşdırma apardıq və o şirkətin son illərdə aktiv şəkildə fəaliyyət göstərmədiyini gördük. Biz öz məhsulumuz üzərində işləməyə başlayanda bu şirkətdən xəbərimiz yox idi.

Eynəyin işləmə mexanizmi tam olaraq necədir və bu məhsulu yaratmaqda hansı ehtiyat hissələri və proqram təminatından istifadə edirsiniz?

Eynək gözə taxılmamışdan əvvəl beş saniyə ərzində şəxsin onu gözə taxmasını gözləyir, yalnız bundan sonra ölçməyə başlayır. Şəxs eynəyi gözünə taxır və gözünü bağlayaraq sol tərəfdəki düyməni gözün skan edilməsi üçün üç saniyə sıxır. Gözün qapalı haldakı dəyərləri alındıqdan sonra göz açıldıqda eynək açıq gözü qapalı gözlə müqayisə edir. Əgər insan gözünü 2 saniyədən çox (göz qırpması ilə qarışıq salmamaq üçün) yumursa, cihaz düşünür ki, insan artıq yatıb. Bu qərarı verdikdən sonra cihaz səs siqnalları və titrəşim verir.

Eynəyin ərsəyə gətirilməsi üçün Ardunio modullarından istifadə etdik. Əvvəllər Uno modulunda prototip hazırladıq, lakin eynəyin ölçüləri böyük olduğundan bunu kiçiltmək qərarına gəldik və Nano moduluna keçdik. Bundan başqa, gözün ölçülməsi üçün sensordan və enerjini saxlaması üçün batareyadan istifadə edirik. Mobil tətbiq hələlik Android əməliyyat sistemi üçün komanda yoldaşımız Taleh Qurbanzadə tərəfindən Java dilində yazılıb, cihazın Ardunio proqram təminatını isə İdrak Əsədbəyli yazıb.

Bu yaxınlarda İsveçrənin Lozanna şəhərində Seedstars startap yarışmasında finalçılardan biri kimi iştirak etdiniz, bundan əvvəl isə Seedstars World üzrə Azərbaycan birincisi oldunuz bunun üçün sizi təbrik edirik. Bu yarışmaya qatılmaqla nələr əldə etdiniz?

Yarışmaya qatılmaq çox böyük təcrübə oldu. Komanda üzvü Şahin Xəlilov bu finalda bizi təmsil etdi. Orada bizə çoxlu şirkətlərdən təkliflər gəldi. Onlar arasında İrlandiyada bizim məhsulun distribütoru olmaq istəyən, investisiya yatırmaq istəyən şirkət var idi. Hal-hazırda bu təkliflərin nə qədər düzgün olub-olmamasını yoxlayır, onlarla söhbətlər aparırıq.

Seedstars-da 1 milyon dollar mükafat qazanmaq şansı nə ilə nəticələndi?

İlk olaraq Seedstars yarışmasının Azərbaycan üzrə müsabiqəsində finala çıxaraq qalib olduq. Bundan sonra Kiyevdə sammitə göndərildik, orada bir neçə ölkədən gəlmiş startapçılarla birlikdə çıxışlar oldu. Burada sadəcə layihəmizi təqdim edirdik, yarışma deyildi. Daha sonra isə İsveçrədə final mərhələsi oldu. Düzdür, qalibə 1 milyon dollar vəd edilmişdi, amma bu 1 milyon dollar üçün bəzi şərtlər var idi. Bu şərtlər əsasən məhsulun gəlirliliyinin dəqiq qiymətləndirilməsi, müəyyən əhatəyə sahib olmaq, müştərilərin olması kimi meyarlara dayanır. Qalib layihəyə vəd edilən mükafat isə birdəfəlik deyil, məhsul özünü doğrultduqca hissə-hissə verilir. Biz orada qalib ola bilmədik, lakin qalib olmasaq belə orada iştirak etməklə potensial müştərilər və investorlara işimizi tanıtmış olduq ki, bunun özü də böyük şans idi. Misal üçün, oradakı finalçılardan biri yarış təşkilatçılarından deyil, orada izləyici olan investorların birindən 200 min dollar sərmayə qazandı.

Yerli investorlardan investisiya təklifi almısınızmı?

Layihədən əldə ediləcək gəlirin müəyyən faizi müqabilndə təklif gəlsə də, təklif edənlə razılaşa bilmədik və investisiyanı da qəbul edə bilmədik.

"Wake me up" məhsulunun yerli və ya xarici bazarda uğur qazanmaq şansı nə qədərdir? Hədəflədiyinz satış rəqəmləri varmı?

Biz startapa başlayanda fikirləşirdik ki, bu layihə yerli bazara uyğun deyil. Biz əsasən, Amerika və Avrpa dövlətlərində bu məhsulu tanıtmağa çalışırıq. Hal-hazırda məhsulun son versiyasl üzərində işlər gedir. Eynək yerli bir texnologiya şirkətində hazırlanır. Bəzi investisiya sıxıntıları mövcuddur və bu problemi necə həll edəcəyimizi düşünürük. Hədəflədiyimz satış rəqəmləri isə indiki vaxtda yoxdur.

Eynək üçün qiymət müəyyən etmisinizmi?

Əvvəlki prototipimizlə müqayisədə, eynəyin son versiyasında xərclər daha az başa gəldi. Qiymət təxmini 50 dollar olacaq.

Bir startapçı olaraq Azərbaycanda startap mühitini necə dəyərləndirirsiniz və beynəlxalq arenaya iş çıxaran komanda olaraq yeni işlər yaratmaq istəyənlərə hansı məsləhətlər vermək istərdiniz?

Biz bu startapa başlayan zaman hələ tələbə idik. Söhbət keçən ildən gedir. Biz hələ startapın, layihə ortaya çıxarmağın nə olduğunu anlamırdıq. Sağ olsun Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bizə böyük dəstək oldu. Biz oraya daxil olandan sonra həqiqətən də ölkəmizdə startap mühitinin inkişaf etməkdə olduğunu və inkişaf da edəcəyini gördük. Bu sevindirici haldır. Nəyə görə Amerikada və digər inkişaf etmiş ölkələrdə bu cür texnoloji mühit olsun, amma bizdə olmasın. Məsləhətim budur ki, əgər kimlərinsə ideyaları, layihələri varsa bunun uğrunda özlərini fəda etsinlər.