Yüksək sürətlə hərəkət edən kapsullar ilə yeni nəsil nəqliyyat təcrübəsini yaşatmaq istəyən Hyperloop layihəsinin ilk kommersiya məqsədli xətti Abu-Dabidə qurulmaqdadır.
Super sürətli yeni nəqliyyat vasitəsi üzərində işləyən şirkətlərdən biri olan Hyperloop Transportation Technologies və Yas adasındakı Formula 1 yarış trekini inşa edən Aldar PJSC Abu-Dabidə Hyperloop xətti qurmağa hazırlaşır. Tərəflər arasındakı razılığa əsasən Hyperloop xətti Abu-Dabi ilə Dubayın sərhəddindəki Al Maktoum Beynəlxalq Hava Limanından qurulacaq. Xəttin 2020-ci ildə istifadəyə hazır olacağı planlaşdırılıb.
Elon Musk-ın fikir sahibi olduğu Hyperloop layihəsi nəzəri cəhətdən təqribən 1200 km/saat sürəti ilə hərəkət edə bilən kapsullarda səyahət etməyi vəd edən bir texnologiyadır.
Gələcəkdəki Abu-Dabi - Dubay Hyperloop yolu
Lakin Hyperloop Transportation Technologies-in sədri Bibop Gresta bu sürətin sadəcə nəzəri olaraq maksimum sürət olacağını və səyahət zamanı bu kapsulun bundan aşağı sürət ilə gedəcəyini bildirib. “Bu eynilə bir təyyarə kimi rahat olacaq, özü də təyyarənin sahib olduğu problemlər olmadan” deyə Gresta CNBC kanalına verdiyi müsahibədə bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında qurulacaq Hyperloop xətti 10 km uzunluğunda olacaq. Hyperloop Transportation Technologies-in inşaat müddətini bir neçə fərqli mərhələyə böldüyü bildirilir.
“Bu razılaşma sayəsində ilk kommersiya məqsədli Hyperloop xətti BƏƏ-də qurulacaq” deyə açıqlama verən Bibop Gresta uzunmüddətli dövrdə Abu-Dabidən Əl Ainə, Dubaydan Riyada qədər uzanan nəhəng Hyperloop xətti inşa etmək planlarının olduğunu bildirdi.
Gresta “BƏƏ hökümətinin dəstəyilə Hyperloop xəttinin ilk hissəsinin Expo 2020 sərgisinə qədər çatdırmağı planlaşdırırıq” deyə bildirib.