ABŞ-ın Oklahoma ştatının müəllimi məktəb 3D printeri vasitəsilə ördək ayaqları çap edib.
Texnologiya.az RYTN-nin elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Filipp adlı ördək ayaqlarının aşağı hissəsini donvurma nəticəsində itirib. Ördəyin sərbəst hərəkət edə bilməməsini görən heyvan sahibi ona kömək etmək qərarına gəlib.
Bu məqsədlə heyvan sahibinin tanışı olan müəllim-mühəndis məktəb 3D printerinin köməyi ilə ördək üçün plastik ayaqlar çap edib.
İlkin konstruksiya heyvan üçün əlverişli olmadığına görə müəllim heyvan sahibi ilə birlikdə onu sonrakı altı həftə ərzində təkmilləşdirməyə çalışıb. Nəticədə onlar NinjaFlex plastikini 36 saat ərzində çap edərək bir cüt ördək ayağı yaratmağa nail olublar.
Bildirilir ki, yeni plastik ayaqlara tez öyrəşən heyvanın hazırda özünü tarazlamaqla bağlı problemi olsa da, heyvan sahibinin fikrincə, o, tədricən sərbəst yeriyə biləcək.