Ən maraqlı kiber hücumlardan biri ötən həftə yaşandı. 17 yaşındakı gənc xaker imtahanları ertələmək üçün prezidentin veb saytını sındırdı!
Dünyanın hər yerində fərqli məqsədlərlə kiber hücumlar gerçəkləşir. Bunların ən maraqlılarından biri də ötən günlərdə Şri-Lankada baş verdi. 17 yaşındakı gənc yaxınlaşan bir imtahanı ertələmək məqsədiylə ölkənin dövlət başçısı Maithripala Sirisena-nın rəsmi veb saytını ələ keçirdi.
Ötən həftə reallaşan hücum nəticəsində saytı ələ keçirən gənc ölkə daxilində həyata keçirilən "A Level" imtahanlarının təxirə salınması tələbini səhifədə yayımlayıb. Bir müddət sonra bağlanan sayt həftə sonuna qədər bağlı qalıb və ancaq bazar ertəsi günü yenidən fəaliyyətə başlaya bilib.
İzləri təqib edən polislər kiber hücumun Kadugannawa adlı ərazidə yerləşən evdə bir gənc tərəfindən reallaşdırıldığını aşkar edib.
Mühakimə olunan gənc xaker ölkənin kompüter cinayətləri barədə olan qanununa görə 2000 dollar təzminat ödəməli və ya 3 il həbs cəzası çəkməli olacaq.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .