Müasir dövrdə insanların əksəriyyəti gündəlik aktiv sosial media istifadəçisidir. Haradasa həyatımızın hər anını paylaşdığımız sosial media hesablarımızın gizliliyi nə qədər qorunur? Baş verə biləcək bədbəxt hadisələrdən sonra hesablarımızdakı məlumatlar kimlərin əlinə keçə bilər? Bütün bu suallara cavab vermək üçün bu xəbərimizdə sizlərə əsasında şirkətlərin gizliliyə nə qədər önəm verməsi dayanan "Öləndən sonra sosial media hesablarımıza nə olacaq?" adlı araşdırmamızı tədqim edirik.
Almaniyada 15 yaşında bir qızın qatarın altında qalaraq həyatını itirməsi çox dəhşətli bir hadisə idi. Qızın ailəsi baş verənləri daha yaxından öyrənmək üçün qızlarının sosial media hesablarını incələmək istəyiblər. Lakin ailə hələ də qızlarının sosial media hesablarına qoşula bilməyib. Səbəb isə çox sadədir: məlumatlar və şifrə hələ də ailəsinə deyil, qızın özünə aiddir.
Öləndən sonra məlumatlarınızın sahibinin kim olacağı olduqca qəliz sualdır. Məlumatlarınız kimlərin əlinə keçə bilər, kimlər haqq tələb edə bilərlər? Bütün bunlar hesab sahibi tərəfindən daha öncədən qeyd olunmayıbsa məsələnin qəlizliyi qalmaqda davam edir.
Alman qız məlumatları haqqında heç bir şey demədiyi üçün Facebook şəxsi məlumatların qızın ailəsinə verilməsini qızın dostlarının gizliliyinin pozulması kimi qiymətləndirir. Bu cür düşünən sadəcə Facebook deyil. Oxşar bir vəziyyətdə Apple da ölən insanın məlumatlarını gizli saxlamağı üstün tutmuşdu.
Təbii ki, texnologiya firmaları bu barədə "boş dayanmırlar" və bu mövzudakı sualları necə cavablayacaqları haqqında artıq kifayət qədər düşünüblər. Bu da öndə gələn xidmətlərin ölümdən sonrakı gizlilik şərtləri:
Facebook - Yuxarıda da bəhs etdiyimiz kimi Facebook bu mövzuda olduqca ciddidir. Ölən şəxsin hesabı bağlanır və ya bir xatirə hesabına çevrilir. Bu sadəcə keçərli bir "ölüm sənədi" ilə edilə bilər. Həmin sənəd Facebook-a göndərilir və yoxlanıldıqdan sonra yekun cavab açıqlanır. Bu proseduru isə yalnız ölən şəxsin seçdiyi bir yaxını başlada bilər.
Twitter - Facebook kimi Twitter də hesabı birdəfəlik silməyə icazə verir. Ancaq Twitter bunu sadəcə hesab sahibinin edə biləcəyini istifadə şərtlərində də açıq-aydın bildirir. Bundan da belə nəticəyə gəlirik ki, bir Twitter istifadəçisi dünyasını dəyişirsə yalnız onun hesabının şifrəsini bilməklə həmin hesabı silə bilərsiniz.
Google hesabları - Google-un bu mövzuda işləyən yaxşı bir sistemi var. Inactive Account Manager digər xidmətlərə nisbətən biraz fərqli işləyir.
Google burada qeydiyyat açıb-açmadığınızı, Gmail-i istifadə edib-etmədiyinizi və s. yoxlayır. Hesabınız müəyyən bir vaxt ərzində bağlı qaldıqda qabaqcadan qeyd etdiyiniz adreslərə sizin sözlərinizdən ibarət bir e-mail göndərir.
Microsoft - Google kimi Microsoft da hesablarınıza ən son nə vaxt və harada qoşulduğunuzu yoxlayan bir sistemlə gizliliyinizi qoruyur. Microsoft Next of Kin Process çərçivəsində keçərli hüquqa sahib olan bir şəxs bu məlumatları istəyə bilər: E-mail-lər və əlavə sənədlər, Contact list, Adress list.
Bu məlumatlar qabaqcadan seçilmiş şəxslərə göndərilsə də hesabın şifrəsi göndərilmir. Bəzi istifadəçilər bu vəziyyətə görə çox narahat olurlar, çünki ölən şəxsin cihazları kilidli qalır.
Apple - Apple ölüm hadisəsində belə istifadəçilərinin gizliliyinə yüksək səviyyədə diqqət edir və qoruyur. Bir Apple istifadəçisi öldükdə rəsmi olaraq hesabı və istifadəçinin şəxsi lisenziyalı hər şeyi "ölür". Bu musiqilərin, filmlərin, şəkillərin və digər bu kimi şeylərin yox olması deməkdir. Bunları Apple-ın əlindən almaq üçünsə məhkəmə qərarının olması mütləqdir. Amma məhkəmə qərarının da olması məlumatların tamamilə açıqlanması demək deyil. Bəzi qeyri-rəsmi mənbələrə görə [email protected] ünvanına müraciət etməklə də vəziyyəti izah etmək mümkündür.
Steam - Steam şəxsi məlumatlarla bağlı bir açıqlama etməsə də, hesabınızın haqqını heç kəsə satmayacağını və ya transfer etməyəcəyini açıq-aydın bildirir. Steam-ə görə proqram "lisenziyalanır" və "satılmır". Buna görə də proqramlar haqqında başqa heç kəs sahibliyini iddia edə bilməz. Yəni, ölən şəxsin şifrəsini bilmirsinizsə bu onun oyunlarının hamısının silinməsi deməkdir. Bu vəziyyətdə Steam-in istifadəçi dəstəyindən kömək istəsəniz və ya hesab sahibinin öldüyünü desəniz vəziyyət daha da pisləşəcək. Çünki bu vəziyyətdə hesab sahibinin öldüyünü deyərək onun Steam hesabının kilidlənməsinə səbəb olursunuz.