Partlayan qulaqcıq Apple üçün baş ağrısı oldu

Təyyarədə partlayan və bir qadına zərər verən qulaqcığın markası bəlli olub.
Ötən ay Pekindən Melboumeeyə səfər edən bir qadının naqilsiz qulaqcığının partlaması xəbəri yayılmışdı. Hadisədən sonra partlayan qulaqcığın markasının təyin olunması üzərində araşdırmalar aparılırdı. Bu gün isə həmin qulaqcığın markası bəlli olub.

Apple-ın uzun zamandır nəzdində olan Beats firması bildiyimiz kimi naqilsiz qulaqcıqlar da istehsal edirdi. Naqilsiz Beats Studio-nun ilk modelləri AA batareya ilə işləsə də, Beats Studio v2 modelində bu sistem dəyişdirilmişdi. Beats Studio v2 ilə daxili batareya sisteminə keçən Beats beləliklə bu tip partlamaların qarşısını almaq istəyirdi.

Ancaq Beats Studio v1 modelləri hələ də satışda var. Bu gün isə qadının yaralanmasına elə bu modelin səbəb olması açıqlandı. Apple rəsmisi hadisədən sonra partlamanın "üçüncü tərəf" batareyalardan istifadə olunmasından qaynaqlandığını deyərək məsuliyyəti öz üzərlərindən atmağa çalışıb.

Ancaq qadın Beats qulaqcığının üzərində və ya təlimat kitabında "üçüncü tərəf" batareyaların partlamaya səbəb olacağına dair hər hansısa bir məlumatın qeyd olunmamasını əsas tutaraq Apple-dan təzminat tələb edəcəyini bildirib. Apple ilə zərərçəkmiş qadın arasındakı məhkəmə prosesinin nəticəsi yaxın zamanlarda bəlli olacaq.