Google şirkətinə böyük cərimə

Google şirkəti Avropa komissiyasının cəriməsindən sonra Android-i ödənişli edə bilər

Avropa komissiyası Google şirkətini 4.3 milyard avro (5 milyard dollar) dəyərində cərimələyib. Bunun səbəbi isə şirkətin antimonopoliya qanunvericiliyini pozması olub. Komissiyanın qərarında bildirilib ki, Google şirkəti Android smartfonlar bazarındakı hegemonluğundan istifadə edərək öz axtarış sisteminin və Chrome brauzerinin inkişafına nail olub. Google şirkətinin CEO-su Sundar Pichai bu məsələ ilə bağlı fikrini artıq bildirib. Avropa komissiyasının mütəxəssislərinin fikrincə Google şirkəti Android smartfonlar bazarındakı hegemonluğundan təkcə öz axtarış sisteminin və Chrome brauzerinin inişafı üçün istifadə etmir. Bununla yanaşı şirkət həmdə smartfon istehsalçılarına da belə üsulla təsir edir.

    Məlumatda bildirilib ki, Google, öz Android versiyalarında smartfon istehsal edən digər şirkətləri məhdudlaşdırır. Bundan əlavə olaraq şirkət rəqiblərin servis və tətbiqlərini deyil öz məhsullarının smartfonlarda yerləşdirilməsi üçün istehsalçılara və mobil operatorlara pul da ödəyir. İndi isə Google şirkəti 90 gün ərzində Avropa komissiyası tərəfindən təyin edilmiş cəriməni ödəməli və komissiyanın şərtlərini yerinə yetirməlidir.

Sundar Pichai-nin sözlərinə əsasən Avropa komissiyasının qərarı Android-in biznes modelinə təsir edə bilər. Android-in istifadəyə verildiyi vaxtdan bəri Google şirkəti əməliyyat sistemini tamamilə pulsuz yayırdı. Şirkət sadəcə olaraq smartfon istehsalçıları və mobil operatorlardan öz tətbiq və servislərinin cihazlara inteqrasiyasını tələb edirdi. Google şirkətinin əsas gəlir mənbəyi reklamlardır. Avropa komissiyasının tələbləri isə bu imkanın üzərindən xətt çəkir. Bunun nəticəsində şirkət Android-in gəlirli olmasının digər yollarını axtaracaq. Bu üsullardan biri isə Android-dən istifadə üçün istehsalçılara lisenziya tətbiqi ola bilər. Bu isə öz növbəsində smartfonların qiymətlərinə təsir edə bilər.