EMI Music şirkəti Sony tərəfindan satın alındı

Sony dünyanın ən böyük musiqi yayımçısı mövqeyində möhkəmlənir

Sony musiqi dünyasının ən böyük şirkətləri olan və 4 milyondan çox musiqini öz kataloqunda birləşdirən EMI Music Publishing musiqi yayımı şirkətini 2.3 milyard dollara satın aldı.

Birləşmiş Krallıq mərkəzli EMI Music Publishing-i 2.3 milyard dollar qarşılığında satın alan Sony şirkəti artıq dünyanın ən böyük musiqi yayımçısı ünvanını da ələ almış oldu. Bu razılaşmadan sonra Sony kataloquna  Queen, Carole King və digər 20-ci əsr klassikləri ilə yanaşı, Kanye West, Alicia Keys, Drake, Sia, Pink, Pharrell Williams, Calvin Harris kimi müasir dövrün populyar musiqiçilərini də daxil etmiş oldu.

Bu razılaşma Sony-nin yeni Baş İcraçı Direktoru (CEO) Kenichiro Yoshida idarəçiliyindəki ilk böyük razılaşma olub. Son illərdə Spotify və Apple Music kimi internet vasitəsilə musiqi dinləmə xidmətləri sayəsində musiqi bazarının böyüdüyünü qeyd edən Yoshida musiqi yayımçılığının da bu xidmətlərlə birlikdə əhəmiyyətli mövqeyə gəldiyini bildirib.

Musiqi sektorunun rəqəmsal mühitə keçməsilə artıq bir musiqi dinlənildiyi və ya satın alındığı zaman yayım edən şirkət buradan gəlir əldə edir. Ötən il qlobal musiqi yayımçılığı bazarının həcmi 5.5 milyard dollar, musiqi yazılışı bazarının həcmi isə 17 milyard dollara qədər çatıb.

Yoshira EMI şirkətinin satın alınmasının Sony-nin uzunmüddətli böyümə planları arasında əhəmiyyətli yer tutduğunu ifadə edib. Elə məhz Sony-nin 2012-ci ildə EMI-nin 30%-ni satın alması da buna bir işarə idi. Sony Abu Dabidə yerləşən Mubadala investisiya şirkəti ilə razılığa gələrək əlavə 60%-i də satın alaraq ümumi 90% paya sahib oldu. Qalan 10% isə Maykl Ceksonun mirasçılarının payı olaraq qalır.

Əyləncə və məzmun istehsalına investisiya

Sony-nin ən son strateji planını da açıqlayan Yoshida əvvəlki CEO Kazuo Hirai-nin şirkəti aparmaq istədiyi istiqamətdə hazırlanan plana sadiq qalacaqlarını və Yaponiyanın ən tanınmış markalarından olan Sony-ni yenidən canlandırmağı qarşılarına məqsəd qoyduqlarını bildirib:

Biz bir texnologiya şirkətiyik, amma bugün texnologiya yalnız elektronika demək deyil. Əyləncə və məzmun istehsalı da artıq bu terminə daxildir.

CEO Sony-nin məzmun xidmətlərini gücləndirəcəklərini və görüntü qəbul edicilər kimi ən son texnoloji məhsullara da əhəmiyyətli sərmayələr qoyacaqlarını ifadə edib.

Şirkət aprel ayında 4.5 milyard dollar mənfəət əldə etdiyini açıqlamışdı. Son altı ildə şirkəti maliyyə sıxıntılarından xilas edən Kazuo Hirai ötən günlərdə vəzifəsindən ayrlmışdı. Hirai-nin aqressiv yenidənqurma addımı minlərlə şəxsin işdən çıxarılmasına və bəzi iş qollarının satılmasına səbəb olsa da, şirkəti Yaponiyanın ən böyük şirkətlərindən biri olaraq həm texnoloji, həm də əyləncə sektrounda qabaqcıl mövqeyə gətirdi.