Bugün ilk mobil zəngin "45 yaşı tamam olur"!

İlk dəfə mobil zəng 45 il əvvəl Martin Cooper tərəfindən reallaşdırılmışdı.

Motorola şirkətində işləyən Martin Cooper bugündən 45 il əvvəl 3 aprel 1973-cü il tarixində Nyu-Yorkda bir küçədə dayandı və daha əvvəl heç kimin edə bilmədiyi bir şeyi bacardı - Mobil zəng! Zəng etmək üçün uzun antenalı bir cihazdan istifadə edən Cooper, belə bir nəaliyyətdən başqa dünyada ilk dəfə olaraq satış üçün istehsal olunan mobil telefon - Motorola DynaTAC 8000x-in hazırlanmasında böyük əməyi keçən  insanlardan biridir.

Cooper 45 il əvvəl kimə zəng etmişdi?

Cooper tərəfindən edilən ilk mobil zəngin digər tərəfində Bell Labs-da işləyən Joel Engel var idi və Cooper o an sadəcə bu sözləri işlətmişdi: "Sizə zəng etməyimin səbəbi sadəcə səsimin yaxşı bir şəkildə sizə çatıb-çatmadığını yoxlamaq üçündür."

Motorola DynaTAC 8000x telefonu 11 il sonra 1984-cü ildə ABŞ bazarına girdi və cihazın pərakəndə satış qiyməti 3995 dollar (inflyasiya faizinə görə bu dəyər hal-hazırki 9573 dollara bərabərdir) müəyyən edildi. Lakin, 80-ci illərdə mobil telefon texnologiyasının sadəcə "çox varlılar" üçün əlçatan olması reallığı bu cihazın həmin dövrə öz möhrünü vurmasına əngəl oldu. 

Nokia 3310-un satışa çıxması ilə 1999-cu ilə qədər formalaşan "mobil telefonlar hər kəs üçün əlçatan deyil" fikri süqut etdi. 3310 modelinin uğurları isə yəqin ki, hər birimizə məlumdur. Belə ki, bu model 150 milyondan çox olan satış göstəricisi ilə mobil telefonlar tarixində bir ilkə imza atmışdı. Bunu da qeyd edək ki, hal-hazırda da kifayət qədər sevilən 3310 modeli ötən il tamamilə yenilənərək yenidən satışa çıxmışdı.

Geridə qalan 45 ildə nələr dəyişdi?

Bugün mobil telefonlar (smartfonlar) demək olar ki, hər kəs üçün əlçatandır. Bu ötən 45 ildə antenalar yoxa çıxdı, düymələr isə toxunuşu hiss edən sensorlu ekranlar ilə rəqabətə cəhd belə etmədən təslim oldu. Proseslər artıq daha sürətli gedir və istifadəni asanlaşdıran "insan oğlu" gündəlik həyatını daha rahat idarə edir. İlk mobil telefonun dövründən bugünə qədər çox şey dəyişib amma reallıq budur ki, insanların texnologiyaya həvəsləri hələ də azalmayıb.