BlackBerry mobil telefon bazarındakı fəaliyyətinə son qoyur!

BlackBerry artıq mobil telefon istehsal etməyəcək.
Yeni telefonların təqdim edildiyi Mobil Dünya Konqresində BlackBerry də öz yerini almışdı. Yeni modellərini təqdim edən şirkət tədbir bitəndən sonra elan etdiyi qərar ilə sevənlərini "şoka saldı". BlackBerry açıqlamasında artıq telefon istehsal etməyəcəyini bildirib. Bu xəbərdən sonra BlackBerry imzalı yeni telefonları hansı firmanın istehsal edəcəyi sual altında qalmışdı.

Çin mənşəli firma TCL BlackBerry-nin lisenziyasını alaraq BlackBerry imzalı telefonların istehsalını davam etdirəcək. Bazarda payı 0% ətrafında olan və ağır günlər keçirən BlackBerry istehsalı dayandırdıqdan sonra bütün diqqətini proqram təminatına verəcəkdir.

BlackBerry-nin önümüzdəki aylarda mobil cihazlar üçün tətbiq, proqram hazırlayacağı və təhlükəsizlik platformasına keçəcəyi deyilir. Görünür ki, BlackBerry imzalı telefonların lisenziyasını alan TCL proqram təminatı və təhlükəsizlik cəhətdən hər hansısa bir problemlə qarşılaşmayacaq.




BlackBerry stokdakı bütün mobil cihazları satdıqdan sonra mobil telefon bazarındakı fəaliyyətinə tamamilə son qoyacaq. Bir vaxtlar Nokia ilə yarışan, hətta Nokia-nı geridə qoymağı da bacaran BlackBerry-nin gəldiyi son vəziyyət həqiqətən də dəhşətdir. Android-ə keçməyən və ya gec keçən, öz ƏS-lərində qalmaqda inad edən bir çox firmanın sübhəsiz ki, sonu belə olacaqdır.